
Son dövrlər İran-ABŞ münasibətlərində artan gərginlik, Yaxın Şərqdəki hərbi-siyasi qarşıdurmalar və nüvə silahından istifadə ehtimalı ilə bağlı müzakirələr bu mövzunu yenidən gündəmə gətirir. Nüvə silahı təhlükəsi təkcə dövlətlərin təhlükəsizlik strategiyası deyil, həm də milyonlarla insanın həyatı ilə bağlı məsələdir. Belə bir fövqəladə vəziyyətdə panikaya qapılmamaq, düzgün qərar vermək və ilkin təhlükəsizlik qaydalarını bilmək həyati əhəmiyyət daşıyır. Bəs nüvə partlayışı baş verərsə, ilk saniyələrdə nə etməliyik? Radiasiyadan necə qorunmalıyıq? Bu sualları SAF Hospitalın Təcili Yardım Şöbəsinin müdiri Dr. Əli Əliyevə ünvanladıq.
Nüvə partlayışı baş verərsə, insanın ilk reaksiyası necə olmalıdır?
İlk növbədə panikaya qapılmamaq və mümkün qədər tez təhlükəsiz yerə sığınmaq lazımdır. Əgər partlayışın işıq parıltısını görsəniz, ona baxmayın, gözlərinizi qoruyun, dərhal yerə uzanaraq üzünüzü aşağı çevirin və başınızı əllərinizlə örtün. Zərbə dalğaları keçənədək yerdən qalxmayın. Daha sonra ən yaxın möhkəm binaya daxil olun.
Evdə və ya binada olan insanlar harada gizlənməlidir?
Ən təhlükəsiz yerlər zirzəmilər, yeraltı sığınacaqlar və beton konstruksiyalı binaların mərkəzi hissələridir. Pəncərələrdən, qapılardan, damdan və xarici divarlardan mümkün qədər uzaq durmaq lazımdır. Pəncərələri, qapıları bağlayın, havalandırma və kondisioner sistemlərini söndürün. Avtomobil radiasiyadan etibarlı müdafiə vasitəsi deyil.
Partlayışdan sonra küçədə qalan insan nə etməlidir?
Ən böyük təhlükələrdən biri radioaktiv toz və hissəciklərdən ibarət radioaktiv çöküntüdür. Açıq havada qalmısınızsa, ağzınızı və burnunuzu parça və ya maska ilə örtərək dərhal qapalı məkana keçin. Üst geyiminizi ehtiyatla çıxarın və ayrıca paketə qoyun. Mümkündürsə, duş qəbul edin, saçınızı və dərinizin açıq hissələrini sabunlu su ilə yuyun. Dərini sərt şəkildə sürtmək olmaz.
Nüvə partlayışından sonra nə qədər müddət sığınacaqda qalmaq lazımdır?Ən azı 24 saat, yaxud rəsmi qurumlar təhlükənin sovuşduğunu bildirənədək sığınacaqdan çıxmamaq tövsiyə olunur. Radioaktiv çöküntünün yaratdığı radiasiya səviyyəsi zaman keçdikcə azalır, lakin ilk saatlar xüsusilə təhlükəlidir. Yaxınlarınızı axtarmaq, uşaqları məktəbdən götürmək və ya avtomobillə başqa əraziyə getmək üçün küçəyə çıxmayın. Onların olduğu müəssisələr də müvafiq təhlükəsizlik tədbirləri görməlidir.
Radioaktiv şüalanmaya məruz qalan insanda hansı əlamətlər müşahidə oluna bilər?
Yüksək dozada radiasiyaya məruz qalma ürəkbulanma, qusma, halsızlıq, baş ağrısı və ishal kimi əlamətlərlə özünü göstərə bilər. Dəri zədələnmələri və daha ağır hallarda kəskin şüa xəstəliyi yarana bilər. Ancaq simptomların olmaması insanın radiasiyaya məruz qalmadığını sübut etmir. Radiasiya hiss orqanları ilə müəyyən edilmir.
Yod preparatları qəbul etmək radiasiyadan qoruyurmu?
Əli Əliyev: Bu, cəmiyyətdə geniş yayılmış yanlış təsəvvürlərdən biridir. Kalium yodid yalnız radioaktiv yodun qalxanabənzər vəz tərəfindən mənimsənilməsinin qarşısını müəyyən qədər alır. O, digər radioaktiv maddələrdən və nüvə partlayışının radiasiyasından qorumur. Həkim və ya rəsmi səhiyyə qurumlarının göstərişi olmadan yod preparatları qəbul etmək olmaz
Belə bir fövqəladə vəziyyətə ailələr indidən necə hazırlaşmalıdır?
Hər ailənin fövqəladə vəziyyət planı olmalıdır. Evin yaxınlığındakı zirzəmi və yeraltı sığınacaqların yerini əvvəlcədən müəyyənləşdirin. Su, uzun müddət saxlanıla bilən qida, dərmanlar, ilk yardım çantası, fənər, batareya ilə işləyən radio və enerji mənbəyi hazırlayın. Ailə üzvləri təhlükə zamanı harada toplaşacaqlarını və hansı qaydalara əməl edəcəklərini bilməlidirlər. Ən əsası, yalnız rəsmi məlumatlara etibar etmək və əsassız xəbərlərlə panika yaratmamaqdır.
Saglamolun.Az



















