İnfarkt riskini qiymətləndirməyin yeni üsulu

TƏDQİQATDA 395 MİNƏ YAXIN İNSANIN MƏLUMATLARI TƏHLİL OLUNUB


Böyük Britaniyanın UK Biobank məlumatları əsasında aparılan araşdırmada bədən ölçüləri ilə infarkt riski arasındakı əlaqə öyrənilib. Tədqiqatda 40–70 yaş arası 395 831 nəfərin məlumatları təhlil edilib, iştirakçılar orta hesabla 13,3 il izlənilib. Nəticələr Journal of Health, Population and Nutrition jurnalında dərc olunub.


Alimlər bədən kütlə indeksi, bel çevrəsi və digər göstəricilərlə yanaşı, boy və bel çevrəsi əsasında hesablanan bədən yumruluğu indeksini də qiymətləndiriblər. İzləmə müddətində 14 419 infarkt hadisəsi qeydə alınıb.


Nəticələrə görə, bədən yumruluğu indeksinin ən yüksək göstəricilərinə malik qrupda infarktın başvermə riski ən aşağı göstəriciləri olan qrupla müqayisədə 52 faiz yüksək olub. Bu göstərici digər ölçülərlə müqayisədə infarkt riskini proqnozlaşdırmaqda cüzi üstünlük göstərib.


Tədqiqatçılar vurğulayırlar ki, nəticələr bədən yumruluğu indeksinin infarktın qarşısını aldığını və ya mövcud tibbi qiymətləndirmə üsullarını əvəz edə biləcəyini sübut etmir. Göstəricinin praktikada geniş istifadəsi üçün əlavə araşdırmalar tələb olunur.


Mütəxəssislər ürək-damar riskinin qiymətləndirilməsində yalnız çəki və bel ölçüsünə deyil, qan təzyiqi, xolesterin, şəkər səviyyəsi, siqaret istifadəsi və digər risk amillərinə də diqqət yetirməyin vacibliyini qeyd edirlər.

 

sağlamolun.az

Saglamolun.Az