TİKTOK İSTİFADƏÇİSİNİN PAYLAŞIMI MÜZAKİRƏ YARATDI


TikTok istifadəçilərindən biri uzun illər əziyyət çəkdiyi psoriaz xəstəliyindən ABŞ-da aldığı müalicə sayəsində xilas olduğunu bildirib. Onun sözlərinə görə, Rusiyada ona əsasən hormonal məlhəmlər və hormonal inyeksiyalar təyin olunub. Lakin bu müalicələr qısa müddətli effekt versə də, sonradan vəziyyətinin daha da ağırlaşmasına səbəb olub.
İstifadəçi ABŞ-a köçdükdən sonra dermatoloqa müraciət etdiyini və həkimin ona müasir bioloji preparat təyin etdiyini deyib. O, bildirib ki, bir ay fasilə ilə vurulan iki inyeksiyadan sonra dərisindəki səpgilər və qabıqlanmalar tamamilə yox olub. Hazırda isə həmin preparatı iki aydan bir qəbul etdiyini və normal həyatına qayıtdığını qeyd edib.
Qeyd edək ki, psoriaz xroniki, iltihabi və autoimmun mənşəli dəri xəstəliyidir. Xəstəlik zamanı immun sistemi dəri hüceyrələrinin normadan dəfələrlə sürətli çoxalmasına səbəb olur. Nəticədə dəridə qızarmış, qalınlaşmış, gümüşü rəngli qabıqlarla örtülmüş lövhələr əmələ gəlir. Xəstəlik yoluxucu deyil və insandan-insana keçmir.
TikTok istifadəçisi preparatın adını açıqlamayıb. Lakin müalicə metoduna əsasən demək olar ki, IL-23 inhibitorları qrupuna aid bioloji preparatların istifadəsi ehtimalı çoxdur. Bu preparat ilk inyeksiyanı 0-cı həftədə, ikinci inyeksiyanı isə 4 həftə sonra tələb edir, daha sonra hər 12 həftədən bir vurulur.
Bu preparatlar yalnız Amerikada istifadə edilmir. Onlar ABŞ, Avropa ölkələri və bir sıra digər dövlətlərdə də təsdiqlənib. Lakin yüksək qiymətləri və məhdud əlçatanlıqları səbəbindən bəzi ölkələrdə xəstələr bu müalicəyə daha gec çıxış əldə edir.
Vacib məqam: bu preparatlar psoriazı tam "sağaltmır". Onlar xəstəliyi nəzarət altına alır və bir çox xəstədə dərini tam və ya demək olar tam təmizləyə bilir.

 

Saglamolun.Az