
YENİ TƏDQİQAT
Kembric Universitetinin alimləri süni intellektin köməyi ilə hazırlanmış yeni nəsil vaksinin insanlarda ilk sınaqlarının uğurla başa çatdığını açıqlayıb. Tədqiqatçılar bildirib ki, bu, vaksinin əsas komponenti olan antigenin tamamilə süni intellekt tərəfindən hazırlandığı ilk haldır.
Yeni vaksin bütün koronaviruslara, o cümlədən COVID-19-un müxtəlif variantlarına qarşı geniş müdafiə yaratmaq məqsədi daşıyır. Alimlər hesab edir ki, bu texnologiya gələcək pandemiyaların qarşısının alınmasına kömək edə bilər.
Araşdırma çərçivəsində 39 könüllü üzərində təhlükəsizlik sınaqları aparılıb. Nəticələr vaksinin təhlükəsiz olduğunu göstərsə də, immun cavabın effektivliyini daha dəqiq qiymətləndirmək üçün 200 nəfərin iştirakı ilə ikinci mərhələ tədqiqatı planlaşdırılır.
Mütəxəssislərin sözlərinə görə, süni intellekt müxtəlif virusların genetik məlumatlarını təhlil edərək mutasiyalara qarşı daha davamlı “superantigen” hazırlayıb. Bu yanaşma yalnız koronaviruslara deyil, gələcəkdə qrip, quş qripi H5N1 və Ebola kimi təhlükəli infeksiyalara qarşı universal vaksinlərin yaradılmasına da imkan verir.
Saglamolun.Az



















