Bacılar depressiya riskini azaldır - Yeni araşdırma


Harvard Universiteti alimlərinin araşdırmasına görə, bacı ilə yaxın münasibət insanın psixoloji və fiziki sağlamlığına müsbət təsir göstərir. Tədqiqat nəticələri göstərib ki, bacısı olan insanlarda stress hormonu hesab edilən kortizolun səviyyəsi daha aşağı olur. Hətta fərqli şəhərlərdə yaşayıb nadir hallarda görüşən bacılar arasında belə emosional bağ insanın özünü daha güvənli hiss etməsinə kömək edir.
Mütəxəssislər bildirib ki, çətin və stresli anlarda bacı ilə qısa telefon danışığı belə insanın sakitləşməsinə təsir edir. Araşdırmada qeyd olunub ki, bacısı olan qadınlarda menopauza və boşanma sonrası depressiya halları daha az müşahidə edilir və onlar ağır həyat hadisələrindən sonra daha tez özünə gəlirlər.
Mütəxəssislər bildirib ki, qardaş və bacılarla yaxşı münasibətlər ümumilikdə insan sağlamlığı üçün faydalıdır. Lakin araşdırmalar xüsusilə bacı ilə olan emosional bağın psixoloji vəziyyətə daha güclü təsir göstərdiyini vurğulayıb. Bununla yanaşı, alimlər qeyd edib ki, bu cür münasibətlər ciddi depressiya zamanı peşəkar müalicəni əvəz etmir. Ancaq yaxın ailə bağı insanın psixi sağlamlığını qoruyan mühüm amillərdən biri hesab olunur.

Saglamolun.Az