Selfi bioloji yaşı və xərçəng ehtimalını təyin edir



YENİ SÜNİ İNTELLEKT ALƏTİ – FACE AGE
Alimlər selfi ilə bioloji yaşı və xərçəngdən sağ qalma ehtimalını təyin edən süni intellekt aləti yaradıb. Bu texnologiya haqqında tədqiqat nüfuzlu The Lancet Digital Health jurnalında dərc olunub.
ABŞ-ın Mass General Brigham tibb təşkilatının alimləri insanların yalnız selfi vasitəsilə bioloji yaşını və xərçəng xəstələrinin sağ qalma ehtimalını proqnozlaşdıran yeni süni intellekt aləti – FaceAge adlı sistemi hazırlayıb. Süni intellekt alqoritmi fərdin üz cizgilərini analiz edərək onun bioloji yaşını müəyyən edir. Alqoritm dərinin vəziyyəti, əzələlərin tonusu və üz cizgilərindəki digər dəyişiklikləri nəzərə alaraq fərdin bioloji yaşını təxmin edir. Bu yaş, insanların pasportdakı xronoloji yaşından fərqli olaraq, orqanizmin faktiki yaşlanma səviyyəsini göstərir və sağlamlıq vəziyyəti haqqında daha real məlumat verir.
Tədqiqat nəticələrinə əsasən, xronoloji yaşına nisbətən daha yaşlı görünən xərçəng xəstələrinin sağ qalma ehtimalı aşağı olub. Bu nəticə, xəstəliyin növü və cins fərqi kimi digər amillər nəzərə alınsa belə, dəyişməyib.
Bu texnologiya gələcəkdə fərdi müalicə planlarının hazırlanmasında, xüsusən də xərçəng kimi ciddi xəstəliklər zamanı pasiyentin ümumi sağlamlıq vəziyyətinin daha düzgün qiymətləndirilməsində mühüm rol oynaya bilər.

Saglamolun.Az