XALQ TƏBABƏTİNDƏ HƏZM ORQANLARI XƏSTƏLİKLƏRİNƏ QARŞI İŞLƏDİLƏN DƏRMAN MADDƏLƏRİ:
- Mədə pozğunluğu, ürəkbulanma, qusma, köpmə zamanı qatlı quruçiçək bitkisinin dəmləməsi xeyirlidir. İstifadə qaydası: 2 xörək qaşığı çiçəyin üzərinə 2 stəkan qaynar su töküb zəif odda 15 dəqiqə müddətində dəmləyib 45 dəqiqədən sonra qəbul etməli. Dozası: gündə yarım stəkan yeməkdən yarım saat əvvəl 2-3 həftə ərzində içməli.
- Razyananın (miyana) toxumlarından və yarpaqlarından mədə xəstəliklərində, bağırsaq keçməzliyində, qəbizlikdə istifadə olunur. İstifadə qaydası: qurudulmuş razyana toxumu ilə ardıc meyvəsindən 2 çay qaşığı və bir çay qaşığı əzvay yarpağı əzilib toz halına salındıqdan sonra bir-birinə qarışdırılır. Alınmış tozdan 1 çay qaşığı götürüb 1 stəkan qaynanmış suya tökülür. Dozası: xörək qaşığı ilə gündə 3 dəfə qəbul edilir.
- Xroniki mədə-bağırsaq xəstəliklərində həzm prosesini yaxşılaşdırıcı dərman kimi acıqovuq otunun kökü tətbiq edilə bilər. İstifadə qaydası: cavan bitkinin köklərini payızda toplayır, soyuq su ilə yuyub təmizləyirlər. Sonra xırdalayıb günəşli havada qurudurlar. Belə qurudulmuş kökdən 2 xörək qaşığı götürüb yarım litrlik çaydanda dəmləyirlər. Dozası: Həmin çaydan gündə 3 dəfə yarım stəkan qəbul etməli (nanə yarpağı da eyni məqsədlə işlədilə bilər).
- Mədə-bağırsaq xəstəliklərində, mədə ağrılarında, köpmədə, sancıda qantəpər çiçəklərinin dəmləməsi çox faydalıdır. İstifadə qaydası: 5 qram çiçək qurusunu 300 ml suda dəmləyib çay kimi içmək lazımdır. Dazıotu bitkisinin 1:20 nisbətində dəmləməsi ishalkəsici dərman kimi tətbiq edilə bilər. İstifadə qaydası: xörək qaşığı ilə gündə 3-4 dəfə qəbul etmək olar.
- Gicitkən yarpaqlarından dəmləmə və bişirmə hazırlayıb mədə- bağırsaq xəstəliklərində həzm prosesini yaxşılaşdırıcı, bağırsağın iltihabını aradan qaldırıcı vasitə kimi işlətmək olar.
- Mədə xorası xəstəliyində kəklikotu çayı faydalıdır.
- Tez-tez qəbiz olanlar ərik qurusu və ya ərik yesələr xeyri dəyər.
- Heyva şərbəti mədəni qüvvətləndirmək baxımından çox əhəmiyyətlidir.
- Bağırsaqların iltihabında 3-4 gün ərzində yeməkdən əvvəl 1 çay qaşığı soğan şirəsi qəbul etmək yaxşı təsir göstərir.
- Gülxətmi çiçəklərindən çay kimi dəmləyib mədə-bağırsaq xəstəliklərində ishala qarşı işlətmək faydalıdır (bəzən əmənkömənci çiçəyi və zəyərək toxumları ilə birlikdə işlədilir).
- Havaqovucu maddə kimi çobanyastığı bitkisinin çiçəklərindən hazırlanmış dəmləmə və bişirmə faydalıdır. Dozası: gündə 2-3 dəfə 1 xörək qaşığı içməli.
- Sumaq bitkisinin yarpaqlarından (çiçəkləyən vaxt toplanır) və meyvəsindən dəmləmə şəklində mədə-bağırsaq xəstəliklərində istifadə edilə bilər.
- Qarın ağrılarında acı yovşandan çay kimi dəmləmə şəklində istifadə etmək olar.
- Şahtərənin mart-aprel aylarında toplanmış yerüstü hissəsinin qurudulub un halına salınmış tozunun dəmləməsi mədə yarasının müalicəsini sürətləndirir. İstifadə qaydası: həmin tozdan 3-5 gram götürüb 1 stəkan suda çay kimi dəmləyərək, yeməkdən yarım saat əvvəl iki xörək qaşığı qəbul etmək olar.
- Cirə, cəfəri və yerkökü toxumlarının ovuntusu ilə balın qarışığından alınan həb şiddətli mədə ağrılarını kəsir. (Bax: "Həblər) İstifadə qaydası:
- Toxumları bərabər miqdarda götürüb bərk kütlə alınana qədər balda həll etməli.
- Yemiş tumu mədəni təmizləyir.
- İspanaq xörəyi mədə-bağırsaq sistemi üçün xeyirlidir.
- Gülab şərbəti mədə iltihabı üçün münasibdir. Onu çayla içmək lazımdır.
- Cirə və razyana dəmləməsi mədə xəstəlikləri zamanı köpün qarşısını alır. İstifadə qaydası: meyvələri (toxumları) bərabər miqdarda qarışdırıb toz halına salmalı; 2 çay qaşığı tozu 1 stəkan suda dəmləyib köpərkən içməli.
- Qaraqınıq otundan çay kimi dəmləyib mədədə həzmi yaxşılaşdırıcı və iltihabı aradan qaldırıcı, quru çiçəyindən isə dəmləmə şəklində mədə-bağırsaq xəstəliklərində və dezinteriyada istifadə olunur. İstifadə qaydası: qurudulmuş otu və ya çiçəyi toz halına salmalı. I çay qaşığı tozu I stəkan qaynar suda 30 dəqiqə müddətində dəmləyib süzməli. Dozası: gündə 3 dəfə 1-2 xörək qaşığı qəbul etməli.
Sevinc Hüseynova
Saglamolun.Az