Bu maarifləndirici məlumatı hazırlamaqda məqsədim uşaq evləri və internat məktəblərində valideyn himayəsindən məhrum olmuş uşaqların məruz qaldığı fiziki və mənəvi zorakılığın qarşısının alınmasına nail olmaqdır.
Qeyd edim ki, mən də uşaq evində böyümüşəm. Vaxtilə gördüyüm fiziki və mənəvi zorakılıq faktlarına əsaslanaraq deyə bilərəm ki, uşaq evləri və internatlarda bəzən uşaqların kimsəsizliyindən və acizliyindən yararlanır, onlara qarşı fiziki və mənəvi işgəncələr tətbiq edirlər. Təəssüflər olsun ki, uşaqlar qorxudulur və bu barədə susmağa məcbur edilirlər.
Siz internat məktəbləri və uşaq evlərini ziyarət edərkən, bir neçə amilə diqqət yetirməklə orada tərbiyə olunan uşaqlara verilən fiziki və mənəvi işgəncənin əlamətlərini görə bilərsiniz.
Belə ki, uşaqlarla görüşərkən onların dodaqlarının göyərdiyini, onların kənarlarında, qulağın arxa hissələrində dırnaq izlərinin, bu dırnaq izlərindən əmələ gəlmiş yaraların, cızıqların, cizgilərin, baş nahiyəsində, xüsusilə də başın künc hissələrində hər hansı bir tuluqlanma, yara və ya göyərmiş izlərin, hər iki qolda çimdik əlamətlərinin, göyərmiş və ya qızarmış hər hansı bir izlərin olduğunu müşahidə etmisinizə, deməli, narahatlıq üçün əsas var. Bütün bunlar həmin müəssisədə uşaqlara fiziki və ya mənəvi işgəncələr verildiyinin əlamətidir.
Xüsusən də uşaqlardan bu izlər barədə soruşduqda, onlar yenidən cəzalanacaqlarından qorxur və birmənalı olaraq həmyaşıdları ilə oynayarkən yıxılıb xəsarət aldıqlarını deyirlər. Onlar bütün bu xəsarətlərin səbəbini sizə açıqlaya bilmirlər, çünki özlərini susmaq məcburiyyətində hiss edirlər.
Onu da qeyd edim ki, uşaqların hansı fiziki və ya mənəvi zorakılıqlara məruz qalmasını tibbi və psixoloji müayinələrdən sonra dəqiq müəyyən etmək mümkündür. Bütün bunlar, hələlik, sadəcə bir ehtimaldır.
Siz bu kimi hallarda müvafiq şəhər və rayon icra hakimiyyətinə, Uşaq Qaynar Xəttinə və ya uşaq hüquqları sahəsində ixtisaslaşan hər hansı bir təşkilata müraciət edə bilərsiniz.
Qeyd edim ki, uşaqlar bu həyatı özləri seçmirlər. Valideyn himayəsindən məhrum olduğu üçün heç bir uşaq fiziki və ya mənəvi şiddətə məruz qalmamalıdır.
Mən dövlət orqanları və uşaq hüquqlarının müdafiəsilə məşğul olan təşkilatlardan bu müəssisələrdə yoxlamaların artırılmasını, o cümlədən valideyn himayəsindən məhrum olan uşaqların tərbiyə aldıqları uşaq evlərinin ciddi nəzarətə götürülməsini xahiş edirəm.
Gülayət Hacıyeva,
Amerika Birləşmiş Ştatlarındakı Stetson Universiteti Hüquq Kollecinin Beynəlxalq Cinayət Hüququ bölməsinin magistri
Milli.az
Saglamolun.Az