Havalar bir az soyuyan kimi uşaqlarınəksəriyyəti öskürməyə başlayır.
Təbii ki, valideynlər də dərhal təşvişə düşərək, uşağa soyuq dəydiyini zənn edir və öskürəyin keçməsi üçün hər vasitəyə əl atır. Lakin nəzərə almaq lazımdır ki, öskürək heç də hər zaman soyuqdəymənin əlaməti deyil. Bəzən bu düzgün nəfəs almamağın, virusun, allergiyanın və digər ciddi xəstəliklərin nəticəsi ola bilər.
Saglamolun.Az medicina.az-a istinadən bildirir ki, pediatr Günay Rəsulova bu haqda açıqlama verib. Onun sözlərinə görə uşaqlarda öskürək hətta sətəlcəmin əlamətləri ola bilər: "Soyuq hava ilə əlaqədar olaraq uşaqlarda üst tənəffüs yolu xəstəliklərinin sayı artıb. Bu xəstəliklərdən daha çox biz bronxit, rinit, sinusit, tonzilit (angina) kimi infeksiyalara rast gəlirik. Bu infeksiyalar uşaqlarda əvvəlcə yüksək qızdırma, halsızlıq, iştahsızlıq, qusma, yeməkdən imtina etmə və öskürəklə özünü büruzə verir. Əgər uşaqlarda öskürək aparılan müalicələr baxmayaraq keçmir və qızdırma halı müşahidə olunursa, biz belə uşaqlarda artıq pnevmoniyadan şübhələnməyə başlayırıq".
Pediatrın sözlərinə görə, pnevmoniya çox ağır xəstəlikdir: "Pnevmoniya ağciyərlərin iltihabı xəstəliyidir. Adətən el arasında "sətəlcəm" də deyilir. Bu xəstəlik zamanı uşaqda tənginəfəslik, xışıltılı tələffüs, halsızlaşma və boğulma halları müşahidə edilir.
Belə uşaqları xüsusilə gecə saatlarında boğucu öskürək tutur. Əgər uşaqda bu sadalanan əlamətlər varsa mütləq pediatra müraciət etmək lazımdır. Sətəlcəm hətta uşaqlarda ağciyər çatışmazlığına və ölümə də gətirib çıxarır. Ona görə zamanında həkimə müraciət edib, uşaqda sətəlcəm olub-olmamasını müəyyənləşdirmək lazımdır. Xüsusilə əgər ev şəraitində aparılan müalicə effekt vermir və uşağın hərarəti getdikcə yüksəlirsə həkim müayinəsi qaçılmazdır".
Saglamolun.Az