Uşaqlarda boy qısalığı bir sıra xəstəliklərin göstəricisi ola bilər

Çox valideynlərin “hələ balacadır, uzanacaq” dediyi boy qısalığı əslində bir xəstəlik deyil, bir çox xəstəliklərin göstəricisi ola bilər.

Bu səbəbdən inkişafın hansısa dövründə uşağının öz yaşıdlarından boy və ya çəkidə geri qalması müşahidə olunarsa həkimə müraciət etmək mütləqdir.

Azertag.az xəbər verir ki, bu barədə Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının II uşaq xəstəlikləri kafedrasının pediatrı, endokrinoloq Günay Cəbrayılova universitetin mətbuat xidmətinə müsahibəsində bildirib.

Həkim deyib: “Uşaqlıq dövrünün ən böyük xüsusiyyəti, davamlı böyümə prosesidir. Təəssüflər olsun ki, hər bir uşaqda sağlam böyümə və inkişaf prosesi müşahidə olunmur. İstər xəstəliklərə, istərsə də qida çatışmazlığına bağlı olaraq uşağın inkişafının dayanması, ən çox boy uzanmasına təsir göstərir. Uşaqlıqda böyümədə dayanma və ya boy qısalığı hansısa xəstəliyin ilkin əlaməti ola bilər. Genetik, konstitusional boy qısalıqları, cinsi inkişafın gecikməsi, skelet sistemi xəstəlikləri, uşağın doğulduğu çəkinin aşağı olması, qidalanma pozuntuları, ürək, böyrək, qan xəstəlikləri kimi xroniki problemlər, uzun müddətli dərman istifadəsi, Turner sindromu, qalxanabənzər vəzin hormon çatmazlığı ilə gedən xəstəliklər, böyümə hormonu çatışmazlığı və uşağın az qayğı və ya sevgi görməsi inkişafa təsir edən səbəblərdəndir. Turner sindromunun bu gün daha çox qız analarını narahat edir. Bu xəstəlik hər 2500 qız uşağından birində təsadüf edilir. Xəstəliyin başlıca əlaməti erkən yaşlarda boy qısalığı və sonrakı yaşlarda cinsi inkişafının başlamaması ilə xarakterizə olunan genetik pozuntulardır. Böyümə hormonu çatışmazlığı hər 3500-dən bir uşaqda görülür. Xəstəliyin əsas əlaməti boy qısalığı və ya böyümədə dayanmadır. Hipotireozun rast gəlmə tezliyi isə 3500-də birdir. Problemin anadangəlmə növü müalicə olunmadıqda boy qısalığından əlavə, əqli inkişafda da geriləməyə səbəb ola bilər.

Onu da qeyd edim ki, 50 santimetr olaraq dünyaya gələn sağlam körpənin boyu 3 aylığında təxminən 60 santimetr, 6 aylığında 67 santimetr, 9 aylığında 72 santimetr, 1 yaşında ikən isə 75 santimetr olmalıdır”.


Saglamolun.Az

..........

Загрузка...
.


Загрузка...

Яндекс.Метрика