Ürək xəstəliyi olanların nəzərinə - Tanınmış həkimin TÖVSİYƏLƏRİ

Dünyada hər il təqribən 17.5 milyon insan ürək xəstəlikləri səbəbilə həyatını itirir. Ürək xəstəliklərinin qarşısınının alınmasında düzgün qidalanma, aktiv həyat tərzi və siqaretdən imtina önəmlidir.

Publika.az türkiyəli kardioloq Yelda Tayyarecinin ürək xəstəliklərinin qarşısının alınması istiqamətində tövsiyələrini təqdim edir.

Fiziki cəhətdən aktiv olun

Daimi fiziki fəaliyyət xroniki ürək xəstələrində qan dövranını yaxşılaşdırır, xəstəliklə əlaqəli simptomları azaldır. Hər gün yarım saatlıq gəzinti insanın özünü rahat hiss etməsinə və depressiyanın azalmasına səbəb olur.

Diqqət yetirilməlidir ki, ediləcək məşq ağır və yorucu olmasın. Ağır səy tələb edən məşqlər çox soyuq havalarda edilməməlidir. Üzmək üçün isə çox soyuq və ya çox isti suya üstünlük verilməməlidir.

Həkiminiz tərəfindən təyin olunan dərmanları mütəmadi olaraq istifadə edin

Xroniki ürək xəstəliyində keyfiyyətli və uzun ömür sürməyin ən vacib amillərindən biri həkim tərəfindən təyin olunan dərmanları vaxtında və davamlı qəbul etməkdir.

Yüksək və qalın yastıqlara üstünlük verin

Yüksək və qalın yastıq xroniki ürək çatışmazlığı olan xəstələrdə artıq mayenin ağciyərlərdən aşağı bölgələrə axmasına imkan verir, gecə boyu rahat yatmağa kömək edir.

Hər gün çəkinin

Gündəlik çəkinmək çəki artımının qarşısını alır. Gündə 2 kiloqramdan çox kökəlmək bədəndə artıq mayenin yığılmasını göstərir, bu vəziyyətdə həkimə müraciət etmək lazımdır. Arıqlamaq da xəstəliklə bağlı şikayətləri azaldır, çünki ürəyə yükü azaldır.

İstirahət edin

Yorğun bədən yorğun ürək deməkdir. Gün ərzində istirahət etmək üçün vaxt ayırın. Mümkünsə gün ərzində ən azı 1 saat yatın.

Daha az və tez-tez yeyin

Mədənin həddən artıq doldurulması həm həzm sisteminə, həm də ürəyə mənfi təsir göstərir. Yeməkləri bölmək və az-az istehlak etmək vacibdir. Lif və suyun istehlakı bağırsaq hərəkətlərini artırır, qəbizliyin qarşısını alır.

Duzlu yeməklərdən çəkinin

Xüsusilə xroniki ürək çatışmazlığı olan xəstələrdə bədənin maye balansını qorumaq vacibdir. Həddindən artıq duzlu yemək xüsusilə də ağciyərlərdə və ayaqlarda artıq mayenin yığılmasına səbəb olur.

Tərkibində çox duz olan qidalar:

- Kolbasa, ketçup, mayonez və hazır salatlar, hazır şorba, ədviyyat qarışıqları, pitsa, hamburger, hazır makaron, duzlu fıstıq və s.

Yemək bişirərkən az miqdarda duz əlavə olunmalıdır.

Siqareti tərgidin

Siqaret qanda oksigenin miqdarını azaldır, damarların daxili səthini pozur, onların sərtliyinə və tıxanmasına səbəb olur. Siqareti tərk etmək ürək xəstəliyi ilə əlaqəli ağırlaşmaları azaldır.

Kofein və spirtli içkilərə diqqət edin

Xroniki alkoqol qəbulu ürək əzələlərinin zəifləməsinə səbəb olur. Buna görə də ürək xəstələrində spirtli içkinin məhdudlaşdırılması vacibdir. Kofeinin həddindən artıq istehlakı ürək ritmi problemlərinə və yüksək təzyiqə səbəb ola biləcəyindən gündə 2 stəkandan çox çay, qəhvə və ya kola içmək olmaz.

Qrip və pnevmoniyaya qarşı tədbirlər alın, peyvənd etdirin

Xroniki ürək xəstələri üçün mövcud qaydalarda qrip və pnevmoniyaya qarşı peyvənd tövsiyə olunur.

Saglamolun.Az

Youtube kanalımıza abunə olun ki, faydalı videolardan xəbəriniz olsun

loading...