Varikoz nə ilə təhlükəlidir?

Əfuslar olsun ki, qadınların əksəriyyəti varikoz xəstəliyini əsasən kosmetik problem kimi qəbul edirlər. Bu səbəbdən varikozu olanlar həkimlərə əsasən xəstəliyin gecikmiş formalarında müraciət edirlər.

Lakin varikoz çox ciddi pozulmadır. Saglamolun.az bildirir ki, vaxtında müalicə olunmayan varikoz ağır, hətta həyat üçün təhlükəli fəsadlar verə bilir.

Belə təhlükəli fəsadlardan biri – venoz trombozdur. Tromboz zamanı venanın mənfəzində qan laxtası (tromb) əmələ gəlir. İri vena zədələndiyi halda bu, zədələnmiş sahədə qan dövranının demək olar ki, tam şəkildə tutulmasına, nəticədə isə ətrafın venoz qanqrenasına səbəb ola bilər. Bir sıra belə hallarda ətrafı amputasiya etmək lazım gəlir.

Dərin venaların trombozu zamanı, tromb venanın divarından qoparaq, qan axını ilə ağ ciyər arteriyasına daxil ola və onun müəyyən bir hissəsini bağlaya bilər. Nəticədə insan həlak ola bilər.

Varikozun təhlükəli fəsadlarından biri də tromboflebitdir (səthi venaların iltihabı və trombozu). Bəzi hallarda tromboflebit zamanı təcili olaraq cərrahi əməliyyat tələb olunur.

Varikoz xəstəliyi zamanı venoz qan axınında durğunluq yaranırr və toxumaların qidalanması pozulur. Bu isə trofik xoraların yaranmasına səbəb olur. Belə yaralar uzun müddət ərzində mövcud olaraq müalicəyə çox çətinliklə tabe olur. Açıq şəkildə olan belə yaralara mikrob düşərsə təhlükəli iltihabi proses inkişaf edə bilər.

Varikoz damarlardan baş verən qanaxmalar da ciddi, bəzən həyat üçün təhlükəli fəsadlardan hesab olunur. Zədələnmiş venaların üzərindəki dəri müəyyən bir müddətdən sonra xeyli dərəcədə nazikləşdiyi üçün, hətta kiçik bir travma nəticəsində deşilərək, həmin nahiyyədən qanaxmaya səbəb ola bilər.

Saglamolun.Az