Koronavirus zamanı D-dimerin artması nə deməkdir? - VİDEO

Son vaxtlar koronavirus xəstələrinə tez-tez D-dimer analizini təyin edirlər. Bu nə analizdir və D-dimerin artması nəyə işarə edə bilər?

Saglamolun.az bildirir ki, tanınmış ukraynalı həkim Mixail Petrik bu haqda çox maraqlı video paylaşıb.

Həkim qeyd edib ki, D-dimer trombların əsas komponenti olan fibrinin parçalanması zamanı yaranan kiçik elementdir. Orqanizmdə tromblar yoxdursa, D-dimer analizdə çıxmır və ya çox aşağı səviyyədə çıxır. Əksinə isə tromblar əmələ gələndə D-dimerin göstəricisi də artır.

Həkim bildirib ki, D-dimerin artması heç də hər zaman tromboza işarə etmir: “D-dimerin artması hamiləlik zamanı, tramadan, yanıqdan, cərrahi əməliyyatdan sonra da qalxa bilər. Qaraciyərin funksiyasının pozulması, şəkərli diabet, onkoloji xəstəliklər zamanı da D-dimer artmış ola bilər. Həmçinin D-dimer iltihab zamanı da artır. Koronavirus iltihabdır və bu səbəbdən koronavirus zamanı D-dimerin  artması təbiidir, lakin müəyyən səviyyəyə qədər. Əgər D-dimerin səviyyəsi normadan 3-4 dəfə çoxdursa, bu tromboza işarə edə bilər”.

Həkim qeyd edib ki, D-dimerdən başqa qanın digər göstəricilərinə də fikir vermək lazımdır. Söhbət koaquloqrammadan gedir. Koaquloqramma qanın laxtalanma sisteminin vəziyyətini göstərir. Əgər analizdə hipokoaqulyasiya (hipo – “aşağı”) görünürsə və eyni zamanda D-dimerin səviyyəsi normadan 3-4 dəfə çoxdursa, bu artıq çox ciddidir və orqanizmdə gedən tromblaşmaya işarə edir.

Saglamolun.Az