Soyuq fəsillərdə koronavirusa yoluxma arta bilər. Bundan qorxmaq lazım deyil. İstənilən respirator infeksiyalar – rinovirus, adenovirus, qripp və s. soyuq fəsillərdə artır və bu da təbii haldır.
Hazırda istənilən soyuqdəymə simptomunu hiss edən insanların əksəriyyəti bunu “koronavirusa yoluxma” kimi qiymətləndirir və təşvişə düşürlər. Bunu nəzərə alaraq sağlamolun.az oxucularını koronavirusa xas olan əsas və qeyri-adi simptomları ilə tanış edir.
Dünyanın ən qabaqcıl tibbi tədqiqatlar mərkəzlərdən biri olan Meyo Klinikası (Mayo Clinic) koronavirusun bu kimi simptomlarını açıqlayıb:
Əsas simptomlar:
- yüksək qızdırma
- güclü, uzunsürən, tutmaşəkilli öskürək
- iy və dadbilmənin dəyişilməsi, itməsi.
Həmçinin Mayo Clinic ekspertləri koronavirusa işarə edən qeyri-adi simptomların siyahısını da tərtib ediblər:
- Mədə-bağırsaq sistemi ilə bağlı olan simptomlar: iştahanın itməsi, ürəkbulanması, qusma, ishal. Bu simptomlar yalnız 1 gün ola bilər. Bəzi insanlarda ishal və ürəkbulanması koronavirusun “klassik” simptomlarından (öskürək və qızıdrma) əvvəl əmələ gəlir.
- Dəridə dəyişikliklər. Əl və ayaqlarda donvurma və ya iltihabı xatırladan ağrılı qaşınan ocaqlar əmələ gəlir. Bu simptom əsasən cavan insanlarda qeydə alınır və bir neçə gün davam edir.
- Şüurun pozulması. Bu simptom koronavirusun ağır gedişatı zamanı və əsasən yaşlı insanlarda meydana gəlir.
- Gözlərlə bağlı olan pozulmalar: göz qapaqlarının qızarması, gözlərin yaşarması, qıcıqlanması, həssaslığın artması. Simptomlar konyuktivitə oxşayır.
- Yuxululuq. İnsan həddindən artıq çox yatır. Nadir hallarda letargiya kimi simptom meydana çıxa bilər. “Letargiya” qeyri-adi patoloji yuxululuğa deyilir - insan oyana bilmir, hərəkətsiz qalır, bu hal bir neçə saatdan bir neçə günə qədər davam edə bilər.
Saglamolun.Az