Tanınmış rusiyalı həkim, “Jit zdorovo!” (“Жить здорово!”) verlişinin aparıcısı Yelena Malışevanın 87-yaşlı anası Qalina Aleksandrovna koronavirusdan sağalıb.
Malışeva bu haqda öz İnstagram profilində məlumat verib.
Saglamolun.az bildirir ki, ağır ürək çatışmazlığı və hipertoniyadan əziyət çəkən Qalina Aleksandrovna 1 aydan çox xəstəxanada müalicə alıb, 2 həftə reanimasiyada yatıb.
Malışevanın sözlərinə görə, anası xəstəxanaya düşməzdən əvvəl onda olan xəstəliklərlə bağlı müntəzəm olaraq qanı duruldan preparatları (antikoaqulantlar) qəbul edirdi və bu da ona sağ qalmağa yardım edib.
“Məlum olub ki, məhz bu preparatlar koronavirus zamanı insanın həyatını xilas etməyə yardım edir. Anama xəstəxanada həb şəklində antikoaqulantları iynələrlə əvəz ediblər ” – Malışeva bildirib.
(Koronavirus ağciyərin damar kapilyarlarında trombların əmələ gəlməsinə səbəb olur, antikoaqulantlar isə qanı duruldaraq bunun qarşısını alır. Rusiyda antikoaqulantlar ağır koronavirus xəstələrinin müalicəsində geniş istifadə olunur - red.)
Malışevanın “Sənin fikrinə görə, sənə koronavirusa qalib gəlməyə nə kömək edib?” sualına anası belə cavab verib: “Mən yaşamaq istəyirdim”.
Saglamolun.Az