ARB TV-nin "Günə doğru" verilişində xərçəngin həkimsiz sağalmasının mümkünlüyü haqda maraqlı süjet yayımlanıb.
Milli.Az xəbər verir ki, insan daimi ağrılar hiss etdiyi zaman onun gündəlik həyat tərzinə birbaşa təsir edir. Belə hallarda həkimə üz tutan şəxslər müxtəlif dərmanlar qəbul etdikdən sonra sakitləşir. Lakin bu sakitlik bəzən uzun sürmür. Belə hallar adətən bəzi həkimlərin yanlış diaqnozu və xəstəyə yalnış yanaşması səbəbindən baş verir. Nəticəsində ağrıların səbəbi bəlli olmadığı üçün müəyyən müddət sonra yenidən təkrarlanır. Psixoloqlar bildirir ki, həkimlərin xəstələrə yanaşması onun peşəkarlığının göstəricisidir. Hər bir həkim həmdə psixoloq olmalıdır.
Nübar Qəniyeva (psixoloq): "Yatorgeniya deyilən bir anlayış var ki, bu da həkim səhvi üzündən əmələ gələn xəstəlikdir. Xəstənin yanında tibbi terminlərlə danışmaq, düzgün yanaşmamaq xəstədə hansısa şübhələr yaradır. Həkimə inamsızlıq başlayır".
Belə yanlış addımlar səbəbindən pasiyent "Həkimə getdim heç bir xeyri olmadı" deyib türkəçarə yolu ilə müalicələrə əl atır. Türkəçarələr hər zaman xalqımızın vazkeçilməz müalicə üsulları olub. Elə bu günə kimi davam edən bu müalicə üsulları hələ də ağrıların kəsici çarəsi kimi məşhurdur. Lakin bu müalicə üsulları ən yaxşı halda xəstəliklərin ilkin mərhələlərində pasiyentlərə yardım edə bilər. Ağırlaşdıqdan sonra isə müsbət nəticə mümkünsüzdür. Xüsusi ilə onkoloji xəstəliklərin sözügedən yolla müalicəsi yolverilməzdir.
Əlniyaz Ramazanov (həkim): "Ara həkimlərinin kütləvi şəkildə inkişaf ediblər. Buna görə də təkcə onkoloji yox, bütün xəstələri qəbul edirlər. Onların buna ixtiyarı çatmır".
Mütəxəssislər bildirir ki istənilən türkəçarənin bir xeyri varsa, min ziyanı var. Özbaşına hər hansı bir dərmandan istifadə etmək, müalicə məqsədi ilə hər hansı bir proseduru yerinə yetirmək istəyən öncədən mütləq bu haqda məlumat toplamalıdır. Əks halda nəticə faciə ilə belə sonlana bilər. Psixoloqların fikrincə türkaçarə həkimləri bəzən xəstələri psixoloji baxımdan dəstək verməklə müalicə edir. Belə ki ümüdü hər yerdən üzülmüş insanı psixoloji olaraq ələ almaq daha rahatdır və nəticədə xəstə müəyyən qədər raatlaşa bilir.
Xəstələr adətən həkimə müraciət edərkən araşdırma aparması məqsəd uyğundur. Belə olduqda sonradan ara həkimləri vasitəsi ilə türkaçarə yolu ilə müalicəyə ehtiyac qalmaz. Hər kəs köhnə üsullardan istifadə etməyin orqanizmin birinci dərəcəli düşməni olduğunu unutmamalı, mümkün qədər bu üsullardan istifadə edilməməlidir.
Saglamolun.Az