Soyuq fəsillərdə öskürək, bronxit, traxeit, laringit ən yayılmış pozulmalardandır. Bu pozulmaları müalicə etmək ucuz və sınanmış təbii vasitə var.
Bu da sovet dövründən tanınan “gülxətmi siropu” (rus dilində “sirop alteya” və ya el arasında “alteyka”).
Saglamolun.az bildirir ki, bu siropu indi də apteklərdə asanlıqla tapmaq olur.
Ucuz qiymətə satılan gülxətmi siropu çox yaxşı iltihabəleyhinə təsirə malikdir, bəlğəmi duruldur və onun nəfəs yollarından çıxmasını asanlaşdırır, öskürəyi müalicə edir, boğaz və udlağın iltihablaşmış selikli qişalarını sakitləşdirir, boğazda qaşınma və göynəməni azaldır.
Bu xüsusiyyətlərə görə gülxətmi kökü siropu öskürək, bronxit, göyöskürək, pnevmoniya və həmçinin angina, traxeit və laringit zamanı uğurla istifadə olunur. Sirop həm böyüklər, həm də uşaqlarda istifadə oluna bilər.
İstifadəsinə göstəriş: Bürüyücü, iltihab əleyhinə və ağrıkəsici vasitə kimi udlağın və qırtlağın xəstəliklərində, hiperasid qastritdə, xora xəstəliyində tətbiq edilir, bəlğəmgətirici vasitə kimi traxeitdə, bronxitdə və bronxial astmada təyin olunur.
İstifadə qaydası: İki xörək qaşığı xammalın üzərinə 200 ml (1 stəkan) qaynar su tökülür, qaynayan su hamamında 30 dəq. dəmlənir, otaq temperaturunda soyudulur, süzülür. Böyüklər üçün gündə 4-5 dəfə, hər dəfə 1/3 stəkan, uşaqlar üçün gündə 3-5 dəfə, hər dəfə 1-2 desert qaşığı daxilə qəbul edilir.
Şahnun Qasımova
Saglamolun.Az