Gözlərin qabağında uçuşan nöqtə və saplar... - Narahat olmağa dəyərmi?

Bir çoxlarımız gözlərimizin qabağında sanki uçuşan, üzən nazik şəffaf saplar, torlar, nöqtələr görür. Bunlar xüsusilə açıq göy səma və ya işığa baxanda aydın görünür.

Saglamolun.az BBC Future-ə istinadla bildirir ki, bu optik illüziya deyil, bu saplar, nöqtələr, torlar gözümüzün daxili qatında həqiqətən var. Tibdə buna “miodezopsiya” deyilir.

Gözün şüşəvari cismi jeleyəbənzər konsistensiyası olan mayeli şəffaf maddədən ibarətdir. Şüşəvari cismin içinə kiiçik qan hissəcikləri və ya digər hüceyrələr düşə bilər. Bu mikroskopik hissəciklər işiğın qarşısını alır ki, nəticədə torlu qişada kölgələr yaranır. Məhz bu kölgələr bizə sap, nöqtə, tor kimi görünür. İnsan yaşlaşdıqca şüşəvari cismin özündə baş verən dəyişikliklər bunu daha da artırır.      

Mütəxəssislərin əksəriyyəti bu simptomu ciddi problem hesab etmirlər. Sap və nöqtələr vaxt keçdikcə öz-özündən yox ola bilər. Böyük Britaniyada aparılmış bir araşdırma göstərib ki, eksperiment iştirakçılarının 74%-də bu simptom var.

Lakin nəzərə almaq lazımdır ki, bəzi hallarda gözlərin qarşısında yad cismlərin əmələ gəlməsi ciddi problemlərə işarə edə bilər. Həkimlər qeyd edirlər ki, bu simptomun birdən-birə əmələ gəlməsi, nöqtə, tor və sapların çox olması gözün şüşəvari cisminin qopmasına işarə edə bilər ki, bu da torlu qişanın çırılması və korluğa səbəb ola bilər. Bu xüsusilə yaşlı insanlarda tez-tez baş verir. Lakin cavanlar da bu simptoma fikir verməli və simptom artanda dərhal oftalmoloqa müraciət etməlidirlər.

Amerika Tibb Assosiasiyasının jurnalında dərc olunmuş məqalədə göstərilib ki, həkimlərə gözlərin qarşısında nöqtə və sapların uçuşmasına şikayət edən insanların 14%-də (əsasən yaşlı insanlarda) torlu qişanın cırılması aşkar olunur. 

Saglamolun.Az