Bel yırtığının yaranmasının əsas səbəbləri - Neyrocərrah açıqlayır

"Bel ağrıları nəinki bu gün, hər zaman ciddi problemlərdən biri olub".

Bunu medicina.az-a müsahibəsində Respublika Neyrocərrahiyyə Xəstəxanasının Baş-beyin şöbəsinin həkim-neyrocərrahı Ələsgər Həsrətov bildirib.

Ə. Həsrətov deyib ki, bel ağrılarının əsas səbəblərindən biri də bel yırtığıdır. Yırtıq fəqərə arası diskin nüvəsinin onurğa kanalına doğru çıxması ilə xarakterizə olunan bir xəstəlikdir. Yırtıq onurğa kanalının içərisində olan onurğa beyni, onurğa qişaları və sinir kökcüklərinə təsir edir, qıcıqlandırır və xəstələrdə müvafiq şikayətlər yaradır. Bu şikayətlər ilk növbədə beldən ayağa vuran ağrılar, ağrılarla yanaşı keylik, pəncədə zəiflik, ayaqda arıqlama ilə bağlıdır.

Həkim-neyrocərrah qeyd edib ki, bel yırtıqlarının yaranmasının səbəbi onurğa sütununun müəyyən yüklənmələrə məruz qalmasıdır: "Bu səbəblər sırasına ağır yük qaldırma, kəskin hərəkətlərin icrası, səhv, yöndəmsiz hərəkətlər, ağır fiziki işi, o cümlədən soyuqdəyməni qeyd etmək olar.

Amma bu, heç də bütün hallarda fiziki iş görən insanların xəstəliyi deyil. Çox tez-tez heç bir fiziki iş görməyən insanlarda da buna təsadüf edir. Burada irsiyyətdən tutmuş qida, mühit, həyat tərzinə qədər müxtəlif amillərin rolu var. Oturaq işin də bel yırtığının  yaranmasında, ümumiyyətlə, onurğa sütununun bel hissəsində degenrasiya prosesində, osteoxondrozun inkişafında rolu var. Çünki insan oturarkən onun onurğasının yüklənməsi dəfələrlə artır. İnsan ayaq üstə olarkən onun gövdəsinin yükü daha çox ayaqlara ötürülür, oturarkən isə bu, daha çox onurğanın bel hissəsinə yüklənir. Ona görə də uzun müddət oturmaq və onurğanın bel hissəsini yükləndirən digər işlər, uzun müddət önə əyilməklə icra edilən iş, yaxud qeyri-fizioloji vəziyyətdə icra edilən iş onurğanın həddən artıq yüklənməsinə  və degenerativ xəstəliklərin artmasına səbəb olan amildir".

Bel yırtığından əziyyət çəkən xəstələrin müalicəsinə gəlincə, Ə. Həsrətov dərman və fiziki müalicə üsulları, sonda isə cərrahi əməliyyatdan istifadə olunduğunu nəzərə çatdırıb: "Bel yırtıqlarının cərrahi müalicəsi həmin yırtığın xaric edilməsi, yəni yırtıqla sinir arasındakı konfliktin aradan qaldırılmasıdır.

Bu gün dünyada ən populyar müalicə üsulu standart diskoktemiya  əməliyyatıdır. Həm cərrahların təcrübəsi artdığından, həm də optik vasitələrdən istifadə olunduğundan 10 il qabaq icra olunan bu gün icra olunan əməliyyat arasında çox ciddi fərq var. Qısa bir kəsikdən, toxumalara ehtiyatla yanaşmaqla yırtığın çıxarılması əməliyyatları icra edilir. Bu xəstələr adətən, bizim xəstəxanada əməliyyatdan maksimum 3 gün sonra evə buraxılırlar, qısa müddətdə həyat fəaliyyətlərini davam etdirirlər.

Amma cərrahi əməliyyata müəyyən göstərişlər var. Bunlar əsasən nisbi göstərişlərdir. Mütləq göstəriş xüsusi hallarda yaranır. Məsələn, xəstədə qəflətən kəskin sidik ləngiməsi, yaxud aşağı ətraflarda kəskin zəiflik yarandığı hallarda əməliyyata göstəriş mütləqdir. Çünki həmin konflikt vaxtında aradan qaldırılmazsa, o halda bu xəstəliyin sonrakı müalicəsi çox zaman apara, bəzən tam müalicə olunmaya da bilər. Digər hallarda cərrahi əməliyyata göstərişlər isə nisbidir. Yəni xəstə ilə həkim aralarında araşdıraraq bir qərara gəlirlər.

Biz hansı hallarda xəstələrə əməliyyat təklif edirik. Əgər xəstə uzun müddət, bir, iki ay, daha çox müddət ağrılardan əziyyət çəkirsə, bu ağrılarda azalma tendensiyası yoxdursa, aparılmış dərman müalicəsi, istər fizioterapiya üsullarının ciddi əhəmiyyəti yoxdursa, yaxud xəstənin aşağı ətrafında artan nevroloji pozuntular əmələ gəlirsə, keylik artırsa, əzələ zəifləyirsə, arıqlama baş verirsə, əməliyyat təklif olunur. Yaxud xəstə bir kurs müalicə alır, yüngül yaxşılaşma olur, qısa müddətdən sonra öncəki hallar təkrar baş verirsə, belə halda biz xəstələrə cərrahi əməliyyat təklif edirik.

Bəzən də çox kəskin ağrılar ola, bu ağrıları ağrıkəsici vasitələrlə aradan götürmək mümkün olmazsa, belə hallarda da cərrahi əməliyyat məsləhət görürük. Bu gün belə qısa müddət davam edən cərrahi əməliyyatlar hər bir neyrocərrah tərəfindən uğurla icra edilir. Endoskopik disk əməliyyatı da var, ancaq o qədər də geniş yayılmayıb.  Bu gün dünyada ən geniş yayılmış cərrahiyyə üsulu standart diskektomiya əməliyyatıdır. Bu standart diskektomiya əməliyyatı böyüdücü vasitələri, yəni mikroskop və böyüdücü lupaların köməyi ilə icra edilir".

Saglamolun.Az




 

 

 


Яндекс.Метрика