Erkən doğulmuş körpələr üçün ana südü əvəzolunmazdır!

Ana südü körpələrimizin yalnız maddi qidası deyil, həm də onlara bu dünyada bəxş edə biləcəyimiz ən böyük mənəvi qidalardan biridir.

Məhz belə əvəzolunmaz faydalarının olması səbəbindən ana südünün körpələrin inkişafı üçün nə qədər böyük əhəmiyyət kəsb etməsinə dair müxtəlif tədqiqatlar aparılır və onun çoxtərəfli faydaları dəfələrlə sübut olunur. Ana südünün əhəmiyyətinə dair növbəti belə tədqiqatlardan biri Baltimorda keçirilmiş “Pediatrların Elmi Cəmiyyəti 2016” (Pediatric Academic Societies 2016) tədbirinin illik toplantısında Amerikanın uşaq xəstanalarından birinin nəzdində fəaliyyət göstərən Neonatal Reanimasiya Şöbəsinin tədqiqatçıları tərəfindən “Erkən doğulmuş körpələrin ilk ayında beynin inkişafına ana südünün təsiri” adlı məruzə ilə təqdim edilmişdir. Belə ki, tədqiqatçıların apardığı araşdırmaya görə aydın olmuşdur ki, həyatlarının ilk ayında daha çox ana südü ilə qidalanan erkən doğulmuş körpələrin beyni az və ya heç ana südü qəbul etməmiş körpələrlə müqayisədə daha yaxşı inkişaf edir.

Scienmag.com elmi internet jurnalında dərc edilən bu tədqiqat zamanı ana südünün körpələrin beyninə təsiri dəyərləndirilərkən südün doğma anadan olan süd və ya donor südü olduğuna fikir verilməmiş, əsas diqqət ümumilikdə ana südünün erkən doğulan körpələrə təsiri üzərində cəmlənmişdir. Araşdırma vaxtından 10-14 həftə əvvəl doğulmuş 77 körpə üzərində aparılmış və körpələrin neonatal reanimasiya şöbəsində olduqları müddət ərzində nə qədər ana südü ilə qidalandıqları qeydə alınmışdır. Daha sonra körpələrin real olaraq doğulacaqları vaxt yetişəndə beynin tomoqrafiq müayinəsi aparılmış və nəticədə aşkar edilmişdir ki, gündəlik qidasının ən azı 50%-i ana südündən ibarət olan erkən doğulmuş körpələr ana südü ilə kifayət qədər az qidalanmış körpələrlə müqayisədə daha çox beyin toxumasına və beyin qabığı səthinə sahibdirlər.

Aydın məsələdir ki, vaxtından öncə doğulan körpələrin beyinləri adətən tam inkişaf etmiş olmur və onlarda çox zaman uşaqlıq dövründə nevroloji pozuntular da müşahidə olunur. Lakin tədqiqat sübut etmişdir ki, ana südünün miqdarı artırıldıqca körpələrin daha böyük beyin həcminə və beyin qabığı səthinə malik olma şansları da artır. Korteks, yəni beyin qabığı beynin idrak və şüurla bağlı olan hissəsidir. Araşdımanın müəllifi Erin Reynolds hesab edir ki, bu çox vacib məqamdır, çünki beynin həcmi ilə şüurun inkişafı arasında tarazlılıq mövcuddur. Başqa sözlə desək, insan beynində kortikal səthin həcmi nə qədər böyük olarsa, həmin insan bir o qədər çox şüurlu və dərrakəli olar. Bu cəhətdən hesab edilir ki, körpələr böyüdükcə və inkişaf etdikcə onlarda ana südünün erkən qəbulunun təsiri sonrakı inkişaf nəticələrində özünü müsbət şəkildə biruzə verəcək və daha böyük beyin qabığının olması onların dərketmə qabiyyətinin yaxşılaşmasına yardım edəcəkdir.

Neonatoloqlar artıq əmindirlər ki, ana südü erkən doğulmuş uşaqların inkişafı və həyata adaptasiyası üçün ən yaxşı qidadır. Onların ana südünə daha çox ehtiyacı vardır. Ana südü erkən doğulmuş körpələri infeksiyalardan qoruyur, immun sistemini möhkəmləndirir, böyüməsini və inkiaşfını tezləşdirir və xəstəxanada qalma müddətini qısaldır. Buna görə dəyərli analarımız körpələri reanimasiyada və ya küvəzdə olduğu müddət ərzində üzülməməli, əksinə südünün artması üçün özünü mənəvi cəhətdən sakitləşdirməli və həyata bağlanmağı üçün öz körpəsinə necə yardım etməli olduğunu öyrənməlidir.

Mənbə: scienmag.com

Tərcümə: Ülviyyə Mirzəyeva

Foto: Ülviyyə Məmmədova

Vib.az

 

 

 

 


Saglamolun.Az

..........

Загрузка...
.


Загрузка...

Яндекс.Метрика