Dərinin daha gənc, sağlam və elastik görünməsində yalnız kosmetik vasitələr deyil, gündəlik qidalanma da mühüm rol oynayır. “BBC Future” nəşrinin məlumatına görə, bəzi qidalar dərini hüceyrə zədələnməsindən qorumağa, kollagen istehsalını dəstəkləməyə və qocalma əlamətlərini azaldır.
Mütəxəssislər xüsusilə rəngarəng tərəvəzlərin, sağlam yağların və fermentləşdirilmiş qidaların rasiona daxil edilməsini tövsiyə edir. Yerkökü, pomidor və bibər kimi tərəvəzlər karotenoidlərlə zəngindir. Bu maddələr dərinin günəş şüalarının yaratdığı zədələnmələrdən qorunmasına kömək edir. Onların zeytun yağı kimi sağlam yağlarla birlikdə qəbulu antioksidantların mənimsənilməsini yaxşılaşdırır.
Bundan əlavə, C vitamini dəri sağlamlığı üçün vacib qida maddələrindən biridir. O, dərinin möhkəmliyini və elastikliyini təmin edən kollagenin sintezində iştirak edir. Sitrus meyvələri, giləmeyvələr və bibər bu vitaminin yaxşı mənbələridir.
Balıq, qoz-fındıq və toxumlarda olan sağlam yağlar dərinin nəmliliyinin və elastikliyinin qorunmasını dəstəkləyir. Fermentləşdirilmiş qidalar isə bağırsaq mikrobiotasının sağlamlığına müsbət təsir göstərir.
Bununla yanaşı, həddindən artıq şəkər qəbulu kollagen liflərinin zədələnməsi ilə əlaqələndirilir və dərinin vaxtından əvvəl qocalmasına şərait yaradır. Mütəxəssislər balanslı qidalanma ilə yanaşı, günəşdən qoruyucu vasitələrdən istifadəni və siqaretdən uzaq durmağı da vacib hesab edir.
Qeyd edək ki, heç bir qida qocalma prosesini tam dayandırmır. Lakin sağlam qidalanma və düzgün həyat tərzi dərinin uzunmüddətli sağlamlığının qorunmasına kömək edir.
Mənbə: BBC Health
Saglamolun.Az



















