Evdəki güllərin xeyiri və ziyanı

AMMA STRESİ AZALDİR, ƏHVAL-RUHİYYƏNİ YAXŞILAŞDIRIR

Ev şəraitində təbii güllər və dibçək bitkiləri yetişdirmək yalnız interyerə gözəllik qatmır, həm də insanın psixoloji rifahına müsbət təsir göstərə bilər. Elmi araşdırmalar bitkilərlə təmasın stressin, mənfi emosiyaların və depressiv əlamətlərin azalması ilə əlaqəli ola biləcəyini göstərir.

2023-cü ildə “Environmental Research” jurnalında dərc olunan elmi icmalda qapalı məkanlarda bitkilərin insanın psixi sağlamlığına təsiri araşdırılıb. Tədqiqatçılar altı epidemioloji araşdırmanın nəticələrini təhlil edərək evdə və iş yerində bitkilərin olmasının daha yaxşı psixoloji vəziyyətlə əlaqəli olduğunu müəyyən ediblər. Bununla belə, müəlliflər sübutların hələ məhdud olduğunu və səbəb-nəticə əlaqəsinin tam təsdiqlənmədiyini vurğulayıblar.

DİBÇƏK BİTKİLƏRİNİN GİZLİ TƏHLÜKƏSİ

Təbii bitkilərin faydaları ilə yanaşı, bəzi riskləri də var. Torpağın həddindən artıq nəm saxlanması kif göbələklərinin yaranmasına şərait yarada bilər. Bu isə xüsusilə allergiyası və tənəffüs yolları həssaslığı olan insanlarda narahatlıq yarada bilər.

2020-ci ildə dərc edilmiş sistematik icmal göstərib ki, dibçək bitkilərinin laboratoriya şəraitində havadakı bəzi kimyəvi maddələri udması onların real ev mühitində havanı əhəmiyyətli dərəcədə təmizlədiyini sübut etmir.

Mütəxəssislər bitkilərə düzgün qulluq etməyi, torpağı həddindən artıq sulamamağı və otaqları mütəmadi havalandırmağı tövsiyə edirlər. Beləliklə, ev gülləri sağlam və rahat yaşayış mühitinin yaradılmasına töhfə verə bilər, lakin havalandırmanı əvəz etmir.

Mənbə: Journal of Exposure Science & Environmental Epidemiology

Saglamolun.Az