ALİMLƏRDƏN XƏBƏRDARLIQ
Londondakı Brunel Universitetinin alimləri tərəfindən aparılan tədqiqat, xəstəxana şəraitində geniş yayılmış və həyat üçün təhlükəli infeksiyalara səbəb olan Pseudomonas aeruginosa bakteriyasının, bəzi tibbi cihazlarda istifadə olunan plastik materialları parçalayaraq oradan qida kimi istifadə edə bildiyini sübut edib. Araşdırma nəticələri nüfuzlu Cell Reports jurnalında dərc olunub.
Tədqiqat zamanı alimlər Britaniya xəstəxanasında bir xəstənin yarasından götürülən bakteriya nümunəsini analiz edib. Alimlər müəyyən edib ki, bu bakteriya "Pap1" adlı ferment istehsal edir. Bu ferment tibbi şaxələrdə, tikişlərdə, yara sarğılarında və digər tibbi cihazlarda istifadə olunan plastik maddəni parçalayaraq, bakteriyaya enerji verir.
Tədqiqatın maraqlı nəticələrindən biri də odur ki, plastiklə qidalanmaq təkcə bakteriyanın yaşamasına yox, həm də antibiotiklərə qarşı daha güclü qoruyucu təbəqə – biofilm yaratmasına səbəb olur. Bu biofilmlər, bakteriyanın dərmanlara qarşı müqavimətini artırır və onu müalicə olunması daha çətin hala gətirir.
Saglamolun.Az