ALİMLƏRDƏN XƏBƏRDARLIQ
Çinli alimlərin apardığı yeni tədqiqat sink mineralının normadan artıq qəbulunun insan orqanizmində bioloji yaşlanma prosesini sürətləndirə biləcəyini göstərib. Tədqiqat 300 mindən çox insanın məlumatları əsasında aparılıb və sink səviyyəsi ilə yaşlanma arasındakı əlaqə təhlil olunub.
Araşdırmaya görə, gündə 40 milliqramdan çox sink qəbul edən şəxslərdə bioloji yaşın orta hesabla 6,9 il daha tez artdığı müşahidə edilib. Əksinə, tövsiyə olunan gündəlik miqdar — kişilər üçün 11 milliqram, qadınlar üçün isə 8 milliqram — yaşlanmanı təxminən 0,11 il yavaşlada bilir.
Mütəxəssislər bildirirlər ki, sink DNT sintezi, immun sistemi və hüceyrə yenilənməsi kimi vacib bioloji proseslərdə mühüm rol oynayır. Lakin bu elementin orqanizmdə həddindən artıq miqdarda toplanması hüceyrə səviyyəsində zərərli təsirlərə səbəb ola və yaşlanmanı sürətləndirə bilər.
Alimlər xəbərdarlıq edir ki, sink və digər mineral əlavələr yalnız həkim məsləhəti ilə qəbul olunmalıdır. Özbaşına və nəzarətsiz istifadənin sağlamlıq üçün risk daşıdığı bildirilir.
Saglamolun.Az