Koronavirus ağciyərdə bu ağır FƏSADLARI yaradır

Mütəxəssislərin müşahidələrinə görə, koronavirus pnevmoniyası “adi” (yəni bakterial) pnevmoniyadan fərqli olaraq daha tez və aqressiv şəkildə inkişaf edir, bir çox hallarda iltihaba bütün ağciyər qoşulur.

Həmçinin virus pnevmoniyasını müalicə etmək daha çətindir. Ona görə ki, koronavirus pnevmoniyasını antibiotiklərlə müalicə etmək mümkün deyil. Saglamolun.az bildirir ki, antibiotiklər bakteriayaları öldürür, viruslara isə heç bir təsir etmir. Koronavirusu öldürən xüsusi virusəleyhinə vasitələr isə hələ ki yoxdur.

Məhz bu səbəbdən bakterial pnevmoniya ilə müqayisədə koronavirus pnevmoniyası çətinliklə müalicə olunur və daha tez-tez müxtəlif ağırlaşmalar və ölümə səbəb olur.

Mütəxəssislər qeyd edir ki, hətta demək olar simptomsuz keçən koronavirus infeksiyası (qızdırmasız və s.) ağciyəri zədələyir.

Koronavirus pnevmoniyasının digər fərqi ondan ibarətdir ki, adi pnevmoniya ilə müqayisədə koronavirus pnevmoniyası daha tez-tez hallarda ağciyərdə xroniki dəyişikliklərə səbəb olur. Bu nə deməkdir? İnsanların bir qismində ağciyər toxumasının zədələnmiş yerlərində fibroz əmələ gələ bilər. Yəni bu yerlərdə ağciyər toxuması birləşdirici toxuma ilə əvəz olunacaq. El arasında buna “çapıqlar” deyilir. Bunun səbəbindən pasiyentlərdə xroniki tənəffüs çatışmazlığı və digər xroniki ağciyər xəstəlikləri inkişaf edə bilər. Bu ilk növbədə xəstəliyi ağır keçirmiş insanlara aiddir.

Koronavirus pnevmoniyasının ilk simptomlarında dərhal “təcili yardım” çağırın. Erkən mərhələdə xəstəlik daha asan müalicə olunur.

Simptomlar:

- Yüksək qızdırma (38,5 C-dən yuxarı)

- Quru öskürək

- Təngnəfəslik

- Nəfəsalmanın tezləşməsi (sakit vəziyyətdə insan 1 dəqiqədə 20-25 çox dəfədən nəfəs alır)

- Sinədə sıxılma.

Saglamolun.Az