Gecələr Wİ-Fİ şəbəkəsini söndürməyənlərə xəbərdarlıq!

MÜTƏXƏSSİSLƏR İZAH EDİR


Mütəxəssislər gecə saatlarında Wi-Fi şəbəkəsini söndürməyi faydalı vərdiş hesab edir. Onların fikrincə, bu sadə addım həm yuxu keyfiyyətinə, həm də ümumi həyat tərzinə müsbət təsir göstərir.
Bildirilir ki, simsiz qurğular fasiləsiz elektromaqnit dalğaları yayır və bu təsirin uzunmüddətli nəticələri hələ də araşdırılır. Gecə saatlarında şəbəkəni deaktiv etməklə orqanizm üçün daha sakit mühit yaratmaq mümkündür. Bu isə daha dərin və keyfiyyətli yuxuya şərait yaradır. Bundan əlavə, router və ona qoşulan cihazlar istifadə olunmadıqda belə enerji sərf edir. Wi-Fi-nin mütəmadi söndürülməsi elektrik xərclərinin az da olsa azalmasına və enerjidən daha səmərəli istifadəyə kömək edir.
Ekspertlər həmçinin rəqəmsal gigiyenanın əhəmiyyətini vurğulayıb. İnternetə gecə saatlarında çıxışın məhdudlaşdırılması sosial şəbəkələrdə uzunmüddətli vaxt itkisini azaldır, informasiya yüklənməsinin qarşısını alır və istirahət rejiminin formalaşmasına dəstək verir.

Kişilərdə cinsi istək bu yaşdan sonra azalır


ALİMLƏR İDDİA EDİR
Yeni elmi araşdırma kişilərin cinsi istəyi ilə bağlı mövcud olan təsəvvürləri alt-üst edib. Estoniyanın Tartu Universitetinin alimləri müəyyən edib ki, kişilərdə libido gənclik dövründə deyil, əsasən orta yaşa qədər artmağa davam edir və pik nöqtəsinə təxminən 40 yaşda çatır. Tədqiqatın nəticələri “Scientific Reports” jurnalında dərc olunub.
Araşdırma çərçivəsində 20–84 yaş aralığında olan 67 mindən çox insanın məlumatları təhlil edilib. Alimlərin fikrincə, sosial, psixoloji və şəxsi münasibətlər kimi faktorlar libidoya azı hormonlar qədər təsir göstərir.
Tədqiqatın həmmüəllifi, professor Toyvo Aavik bildirib ki, istək insanın münasibətlərindən, həyat məmnunluğundan və sosial mühitindən güclü şəkildə asılıdır. Maraqlıdır ki, bəzi peşə sahiblərində, hərbçilər, sürücülər, zavod operatorları və yüksək vəzifəli rəhbərlərdə libido daha yüksək qeydə alınıb. Araşdırmada qadınlarla bağlı nəticələr isə fərqli olub. Qadınlarda cinsi istək əsasən 20–30 yaşlarında zirvəyə çatır və 50 yaşdan sonra azalır.
Mütəxəssislər bildirib ki, cinsi istək hər iki cins üçün fərdi xüsusiyyətlərdən asılıdır.

Yaşlı insanların tənhaliğına “robo-nəvələr” çarə olur

DEPRESSİYANIN AZALMASINA KÖMƏK EDİR

Cənub Koreyada sürətlə qocalan əhali arasında depressiya və intihar halları artır. 2025-ci ilin iyununda “Journal of the Korean Medical Association”da dərc olunan hesabata görə, ölkədə hər gün təxminən 10 yaşlı insan intihar nəticəsində həyatını itirir. Əmək çatışmazlığı və ailə dəstəyinin azalması fonunda hökumət yeni yanaşmaya – AI əsaslı “Hyodol” adlı yumşaq robot oyuncaqlara müraciət edib.

15–20 düymlük bu “nəvə” robotlar tək yaşayan yaşlılara həm emosional, həm də praktiki dəstək göstərir. Cihaz dərman qəbulu barədə xəbərdarlıq edir, təcili siqinallar göndərir və gündəlik fəaliyyətləri qeydə alır. Əsas üstünlüyü isə onların psixoloji dəstəyi artırmasıdır. Robotun yeddi yaşlı uşaq tonunda danışması yaşlılar üçün ünsiyyəti asanlaşdırır.

2025-ci ilin noyabrına olan məlumata əsasən, ölkədə 12 mindən çox “Hyodol” robotu hökumət proqramları vasitəsilə paylanıb. Tədqiqatlar bu robotların tək yaşayan yaşlılarda depressiyanı azaltdığını, koqnitiv funksiyaları yaxşılaşdırdığını göstərir. Lakin bəzi mütəxəssislər emosional asılılıq və şəxsi məxfiliklə bağlı etik sualların açıq qaldığını bildirir.

 

Mənbə: CNN

KOFE ƏHVALI YÜKSƏLDİR - ELMİ SÜBUT EDİLDİ

ALİMLƏR İZAH EDİR


Alimlər yuxudan oyandıqdan sonra əhval-ruhiyyəni yaxşılaşdırmağın sadə yolunu açıqlayıb. “Scientific Reports” jurnalında dərc olunan araşdırmaya görə, səhər saatlarında qəhvə və digər kofeinli içkilərin qəbulu müsbət emosiyaları nəzərəçarpacaq dərəcədə artırır.
Tədqiqat Almaniyanın Bilefeld Universitetinin alimləri tərəfindən aparılıb və kofeinin gündəlik həyatda insanların emosional vəziyyətinə təsiri öyrənilib. Kofein dünyanın ən geniş yayılmış psixoaktiv maddəsidir və planet əhalisinin təxminən 80 faizi onu müntəzəm olaraq qəbul edir. O, qəhvə, çay, qazlı içkilər və şokoladın tərkibində olur, əsasən yorğunluğu azaltmaq, diqqəti artırmaq üçün istifadə edilir.
Araşdırmada yaşı 18–29 arasında olan 230-dan çox gənc iştirak edib. İştirakçılar iki və dörd həftə ərzində gündə bir neçə dəfə qısa sorğulara cavab verərək son 90 dəqiqədə kofein qəbul edib-etmədiklərini və emosional vəziyyətlərini qiymətləndirib. Nəticələr göstərib ki, kofein qəbulu müsbət emosiyaların artması ilə əlaqəlidir. Bu təsir xüsusilə oyandıqdan sonrakı ilk 2,5 saat ərzində daha güclü olub.
Mütəxəssislər qeyd edib ki, qəhvənin əhvalı yaxşılaşdıran təsiri xüsusilə özünü yorğun hiss edən insanlarda daha aydın müşahidə olunur.

Bağirsaq xəstəliklərini kolonoskopiyasiz aşkarlayan yeni texnologiya

MAQNETİK HİDRAGELƏ YERLƏŞDİRİLMİŞ BİOSENSORLAR SÜRƏTLİ DİAQNOSTİKA TƏQDİM EDİR

 

Alimlər bağırsaq xəstəliklərinin ultrasürətli aşkarlanması üçün MagGel-BS adlı yeni diaqnostik platforma təqdim ediblər. “ACS Sensors” jurnalında yayımlanan tədqiqatda bakterial bioloji sensorların maqnit xüsusiyyətli, biouyğun hidragel kapsullarına yerləşdirilməsi ilə xəstəlik markerlərinin cəmi bir neçə dəqiqəyə müəyyən olunduğu bildirilib.

Əvvəllər bu sensorların ağızdan qəbulu onların mədə turşusunda tez məhv olması və bağırsaq mikrobiotası ilə qarşılıqlı təsir riski səbəbindən məhdud idi. Yeni hidragel strukturu isə bakteriyaların mədə mühitində 10 dəfə daha dayanıqlı olmasına və nəticələrin dəqiqliyinin əhəmiyyətli dərəcədə artmasına imkan verib.

Siçanlar üzərində aparılan sınaqlarda MagGel-BS bağırsaq qanaxmasını 20 dəqiqəyə aşkar edib. Bu göstərici adi biosensorlarla saatlar tələb edirdi. Platforma immun reaksiyaya səbəb olmayıb və heç bir yan təsir yaratmayıb.

Tədqiqatçılar hesab edir ki, bu tip hidragel kapsullar gələcəkdə bağırsaq xəstəliklərinin təhlükəsiz, qeyri-invaziv və sürətli diaqnostikasında yeni mərhələ yarada bilər.

 

Mənbə: ACS Sensors