Qadınlar arasında sıx rast gəlinən uşaqlıq boynu xərçəngini yaradan əsas səbəb papiloma virusudur. Daha çox HPV kimi tanıdığımız bu virus cinsi yolla keçir, qadınlarda ölümlə nəticələnən onkoloji xəstəliyə səbəb olur. Amma günü-gündən inkişaf edən tibbdə buna da çarə var.
Sağlamolun.az HPV virusu və ondan qorunma yolları ilə bağlı “Baku City Hospital”ın ginekoloqu Gülnarə Əliyeva ilə söhbətləşib:
- Papiloma virusu nədi?
- Papiloma 99 faiz hallarda cinsi yolla ötürülən bir virusdur. 90 faiz hallarda uşaqlıq boynu xərçənginə və xərçəngönü kimi xəstəliklərin yaranmasına səbəb olur. Papiloma virusun 200-dən çox növü var. Bunun 14-ü xərçəngə səbəb olan növləridir. Bunlar 16, 18, 31, 33 və sair nömrəli növləridir. HPV növləri xərçəngə səbəb olma potensiallarına görə 2 qrupa ayrılır. Yüksək risk qrupu, aşağı risk qrupu. Yüksək risk qrupuna daxildir 16, 18, 31, 32 və.s növləri. Aşağı risk qrupuna isə daxildir 6, 11, 40, 42-ci növləri. 6 və 12-ci növlər genital bölgədə ziyillərin yaranmasına səbəb olan növləridir.
- HPV-nin qarşısını necə almaq olar?
- Peyvənd papiloma virusunun yaranmasının qarşısını alan birincili profilaktika metodudur. 9 yaşdan 45 yaşa qədər olan xanımlara peyvəndin vurulması tövsiyə olunur. Çox yaxşı olar ki, peyvənd cinsi həyata başlamazdan öncə vurulsun. Çünki bu zaman orqanizmada virusa qarşı müdafiə sistemi yaranır. 9 yaşdan 15 yaşa qədər əgər biz bu peyvəndi vururuqsa, 2 doz şəkildə vururuq. 15 yaşdan sonra isə 3 doz şəkildə vurulur. Birinci doz indi vurularsa, növbəti doz 2 ay sonra, 3-cü doz isə 4 ay sonra vurulur. Ümumi 6 ay ərzində peyvəndləmə sistemimizi tamamlamış oluruq. HPV pozitiv olsa belə bu peyvəndin vuruması tövsiyə olunur.
- HPV peyvəndi kimlərə vurulmalıdır?
- Bu peyvəndin vurulması həm kişilərə, həm də qadınlara şamil olunur. Çünki bu 99 faiz hallarda cinsi yollarla ötürülən bir virusdur və qadınlarda da, kişilərdə də fəsad yarada bilər. Bu virusun qarşısını almaq üçün “Qardasil” peyvəndinin vurulması tövsiyyə olunur. “Qardasil” həm 4-lü, həm də 9-lu olur. “Qardasil” 4-lü 6, 11, 16, 18-ci növlərdən, “Qardasil” 9-lu isə 16, 18, 31, 33, 52 və sair növlərdən qoruyur. “Baku City Hospital”da bu peyvəndin vurulması mövcuddur. Bu peyvəndi vurdurmaq istəyənlər klinikamıza müraciət edə bilərlər.
Saglamolun.Az