Yaz-yay mövsümünün ən sevilən meyvələrindən olan çiyələyin yeyilməzdən öncə düzgün yuyulub, dezinfeksiya edilməsi mütləqdir. Uşaqların da sevərək yediyi çiyələyi bir neçə asan addımla təmizləmək mümkündür.
Son zamanlar sosial mediada çiyələyin sirkəli, sodalı suda saxlanaraq təmizlənməsi videoları paylaşılır. Videolarda çiyələkdən çıxan kiçik həşəratlar, tırtıllar insanları tədirgin edir. Quruluşuna görə digər meyvələrdən daha çox özündə mikrob və yad maddələr saxlaya bilən çiyələkləri suda uzun müddət islatmaq lazımdırmı? Çiyələyi necə dezinfeksiya edə bilərik?
ÇİYƏLƏYİN TƏMİZLƏNMƏSİ ÜÇÜN 4 ADDIM
- Çiyələyin gövdəsini və yarpaqlarını bıçaqla kəsin və ya əlinizlə yumşaq bir şəkildə qoparın.
- Gövdəsindən ayırdığınız çiyələkləri içi su ilə dolu bir qaba tökün. Çiyələkləri burada 5-10 dəqiqə isladın. Beləliklə, çiyələyin üzərindəki torpağın dibinə çökməsini təmin etmiş olursunuz.
- Sonra qabdakı suyu silkələmədən yavaş-yavaş boşaldın və çiyələkləri yenidən suyun altında yuyun.
- qabı yenidən su ilə doldurun və içinə bir az limon sıxın. Limon çiyələkdə olan zərərli bakteriyaları öldürəcək. Çiyələkləri yenidən su ilə yavaşca sürtərək yuyun. Bu şəkildə çiyələkləri dezinfeksiya etmiş olacaqsınız.
Sevinc Hüseynova
Saglamolun.Az