USM ultradalğalı şüaların köməyi ilə həyata keçirilən tibbi müayinə növüdür.
Rentgen şüaları kimi, ultradalğalı şüalar da toxumaların arasından keçir və sonra da əks olunur. Əks olunduqda bu şüalar monitorda müəyyən təsvirlər yaradır. Bu təsvirlərə əsaslanaraq həkim pasientin orqanların və toxumaların vəziyyətini qiymətləndirir.
USM təhlükəsiz müayinə metodu sayılır və bu səbəbdən çox geniş istifadə olunur.
USM vasitəsilə bu kimi orqan və sistemləri müayinə etmək mümkündür:
- qalxanvari vəzi,
- qara ciyər,
- öd və öd yolları,
- mədəaltı vəzi,
- böyrəklər və böyrəküstü vəzilər,
- sidik kisəsi,
- ürək,
- limfatik düyünlər,
- süd vəziləri,
- prostat vəzi,
- uşaqlıq, yumurtalıqlar,
- hamiləliyin monitorinqi. Hamiləliyin əvvəlində müayinə intravaginal (uşaqlıq yolundan) üsulu ilə, daha sonra isə abdominal (qarın boşluğu divarından) üsulu ilə keçirilir.
- körpələrdə USM vasitəsilə açıq əmgəkdən beyini müayinə etmək mümkündür.
USM-nin növündən asılı olaraq pasient bəzi hallarda müayinəyə hazırlaşmalı olur. Belə ki:
- öd, öd yolları və mədəaltı vəzi müayinə olunduqda, pasientə müayinədən 3 gün əvvəl köp əmələ gətirən məhsullardan (süd, noxud, lobya, qara çörək, təzə tərəvəz) imtina etməli, müayinədən 1 gün əvvəl gündə 3 dəfə espumizan qəbul etməli və müayinəyə ac qarına gəlməlidir.
- kiçik çanaq orqanları (uşaqlıq, yumurtalıqlar, prostat vəzi) və sidik kisəsi müayinə olunduqda pasient müayinədən 1 saat əvvəl 1 litr ilıq su içməli və tualetə getməməlidir. Qadınlarda uşaqlıq və yumurtalıqların vəziyyəti intravaginal üsulu ilə (uşaqlıq yolundan) müayinə oluna bilər. Bu halda sidik kisəsi dolu olmamalıdır. Əksinə olaraq müayinədən əvvəl qadın sidik kisəsini boşaltmalıdır.
- süd vəziləri müayinə olunduqda qadın müayinəyə menstrual dövrünün 7-ci-10-cu günləri getməlidir (postmenopauza dövründə olan qadın istənilən gün müayinə oluna bilər).
- prostat vəzi müayinə olunduqda pasient düz bağırsağını boşaltmalıdır.
Müayinədən əvvəl həkim pasientin dərisinə xüsusi gel çəkir. Bu gel şüaların daha yaxşı keçməsinə və datçikin daha yaxşı hərəkət etməsinə (sürüşməsinə) kömək edir. Gel hipoallergendir.
USM, müayinə olunan sahədən asılı olaraq 5-30 dəqiqə ərzində davam edə bilər. Artıq çəkisi olan insanlarda bu müayinə daha çətin keçir ki, onlarda yaxşı təsvirlər almaq daha çətin olur.
Saglamolun.Az