Bədəndəki xalları kəsdirmək təhlükəlidirmi? - Dermatoloq açıqladı

Saglamolun.az dermatoloq Azər Şamilovun azxeber.com-a müsahibəsini təqdim edir.

- Doktor, dəridə yaranmış törəmələr hansı səbəbdən əmələ gəlir?

- Dəridə yaranmış törəmələrin əmələ gəlməsi haqda müxtəlif fikirlər var. Bu məsələdə genetik faktor önəmli rol oynayır. Xallar haqqında əsl həqiqətləri bilmək üçün müayinə mütləqdir. Bununla da xalların dəqiq təsnifatı və zərəri haqda fikir söyləmək mümkündür.

- Belə bir fikir var ki, xallar xərçəng yaradır və onlara toxunmaq olmaz. Bu nə dərəcədə düzgündür?

- Bu tamamilə yanlış fikirdir. Bədənimizdə olan törəmələrin çoxu təhlükə mənbəyi deyil. Sadəcə bu halla qarşılaşan insanlar mütləq dermatoloqa müraciət etməlidirlər.

- Xalların kəsdirməyin nə kimi ziyanları var?

- Bəzi insanlarda belə fikir var ki, xalların kəsdirilməsi xərçəng yaradır. Bu da yanlış fikirdir. Əgər götürülən törəmə xoşxassəlidirsə həmin yerdə heç bir xəstəlik yarana bilməz. Əgər bədxassəli törəmə varsa, onu qətiyyən saxlamaq olmaz və tədbir görülməlidir.

- Bəzən şahid oluruq ki, xallar rəngini dəyişir. Bunun səbəbi nədir?

- Bəli, biz də bu halla tez-tez rastlaşırıq. Xüsusən, yaz və yay aylarında bu hallar müşahidə olunur. Bunun səbəbi günəş şüalarının tərkibindəki UVA və UVB şüalarının insan cildinə təsir etməsidir. Bu şüaların təsirindən xallar rəngini dəyişə, ölçüsünü böyüdə, hətta sayını da artıra bilər.

- Dəridə əmələ gələn yeni törəmələrin hansı növləri var?

- Yeni törəmələrin ən çox rast gəlinən növləri bunlardır: Seboreyalı keratoz, yumşaq fibromalar, papilomalar, dermatofibroma, kondilomalar, ziyillər, kelloit toxuma, epideral kista, lipoma və s.

- Bu törəmələri hansı yolla müalicə etmək mümkündür?

- Bu törəmələri bir neçə üsulla müalicə etmək mümkündür. Ən geniş yayılmış müalicə növləri cərrahi yol, krioterapiya, maye azot və lazer üsuludur.

Azər Şamilov
Dermatoloq-kosmetoloq

 

 

.

Saglamolun.Az




 

 

 


Яндекс.Метрика