Uşaqlarda kəllədaxili təzyiqin (KDT) artması səbəblərindən biri hidrosefaliyadır.
Hidrosefaliya beyin mədəciklərində serebrospinal mayenin (likvor) normadan artıq həcmdə toplanması səbəbindən baş verir.
Bu hal mədəciklərin genişlənməsinə və sonradan isə beyinin inkişaf patologiyalarına gətirib cıxarır. Hidrosefaliya anadangəlmə və qazanılma olur.
Ana bətnində olarkən əmələ gələn anadangəlmə hidrosefaliyanın səbəbləri müxtəlif infeksiyalar (sitomeqalovirus, sifilis, toksoplazmoz, kəskin virus infeksiyaları, məxmərək və s.), eləcə də beyinin inkişaf güsurlarıdır. Ağır doğuş travması zamanı mədəciklərarası sahədə baş verə bilən qansızmalar da anadangəlmə hidrosefaliyaya səbəb ola bilər.
Qazanılmış hidrosefaliya uşağın keçirdiyi iltihab infeksiyaları və baş beyinin xəstəlikləri nəticəsində əmələ gələ bilər.
Uşaqda hidrosefaliyanın olmasından nə zaman şübhələnmək olar? Sağlam uşaq doğularkən onun başının dairəvi ölçüsü 35-36 sm olur. Birinci ay ərzində başın dairəvi ölçüsünün böyüməsi maksimum 3 sm, ikinci ayda 2 sm, 3 aydan 6 aya qədər ayda 1 sm, 6 aydan 12 aya qədər isə ayda 0,5 sm-ə uyğun gəlir. Bir yaş dövründə oğlanlarda normada başın dairəvi ölçüsü 46-48 sm, qızlarda isə 42-47 sm olur. Əgər uşağınızın baş ölçüsünün artımı normadan artıq olarsa, məsləhət üçün mütləq uşaq nevropatoloquna müraciət edin.
Eyni zamanda doğularkən uşağın başının ölçüsü normadan kiçik olarsa və sonradan hər ay başın dairəvi ölçüsünün artması normadan geri qalarsa, digər patoloqiya - mikrosefaliyadan şübhələnmək olar.
Çox hallarda başın dairəvi ölçüsünün kiçik olmasına baxmayaraq, uşaq normal inkişaf edir. Lakin bəzi hallarda mikrosefaliya zamanı beyinin natamam inkişafı baş verə bilər. Belə uşaqlarda psixiki inkişafın ləngiməsi, bəzən də müxtəlif dərəcəli əqli zəiflik də müşahidə olunur. Mikrosefaliyanın səbəbləri irsi meyllilik, hamiləlik zamanı ananın keçirdiyi müxtəlif infeksion xəstəliklər (qrip, məxmərək, sitomeqaloviruslar, toksoplazmoz və s.), doğuş travmaları, dölün və yenidoğulmuşun ağır hipoksiyası və s. ola bilər.
Saglamolun.Az