Koronavirusun Azərbaycanda yayılma təhlükəsi varmı?

Azərbaycanda ən son rəsmi məlumata görə, 50-dən çox adam koronavirus ehtimalı ilə həkim nəzarətinə alınıb, azı 4 nəfər isə xüsusi ayrılmış tibb müəssəsinə yerləşdirilib. Onların əksəriyyəti İrandan Azərbaycanaya yenicə gələnlərdir.

Səhiyyə Nazirliyinin baş epidemioloqu İbadulla Ağayev deyib ki, hazırda respublika ərazisində koronavirusa yoluxan bir nəfər də olsun yoxdur.

Ümumdünya Səhiyyə Təşkilatı da bildirib ki, hazırda Azərbaycanda COVİD-19 adı verilən koronavirusa yoluxma halı qeydə alınmayıb. Amma buaçıqlamalar Azərbaycan vətəndaşlarında panika ovqatını səngitmir. Paytaxt Bakının apteklərində tibbi maska qəhətə çıxıb. Elə bölgələrdə də apteklərdə tibbi maskaya tələbatın artması, bəzi yerlərdə tapılmaması və ya qiymətinin bir neçə dəfə artması söz-söhbətləri yayılır.

Tibb elmləri doktoru Adil Qeybullaya görə, maska çatışmazlığına səbəb elə bu ajiotajdır: "Ajiotaj da məlumatsızlığa bağlıdır. Məsələn, maarifləndirici tədbirlər olsaydı, bu cür ajiotaj da olmazdı və defisit də yaranmazdı. İnsanlar panikaya düşür, ajiotaj yaranır. Bundan müəyyən işbazlar da istifadə edir".

Bəs koronavirusun Azərbaycanda yayılma təhlükəsi varmı? Tibb mütəxəssisləri, iqtisadçılar bunu nəzəri cəhətdən mümkün sayırlar. Çünki çoxlarını qorxu içində saxlayan bu virus uzaq Çindən Azərbaycanın bir addımlığına, qonşu İrana yerləşib.

Çində virus tapılandan az sonra bu ölkəyə uçuşlarını təxirə salan Azərbaycan qonşu İranla hava nəqliyyat əlaqəsini məhdudlaşdırmayıb. Üstəlik, İrana quru yolla da getmək mümkündür və bunun üçün Azərbaycan və İran vətəndaşlarının xidmətində üç sərhəd-keçid məntəqəsi var, heç birində də hərəkət məhdudiyyəti və ya sərhədlərin bağlanması ilə bağlı rəsmi göstəriş verilməyib.

Azərbaycan Nazirlər Kabineti bildirib ki, Azərbaycan-İran sərhəd-keçid məntəqələri xüsusi rejimdə fəaliyyətə keçib. Fevralın 22-dən başlayaraq sərhəd-keçid məntəqələrində sanitar-dezinfeksiya işləri aparılır. Bu səbəbdən, keçid prosedurlarının sürəti azalıb.

İranla sərhəd və sərhədə yaxın Azərbaycan rayon və şəhərlərində yaşayanlardan ötrü viza tələbinin olmadığı qonşu ölkə, xüsusilə rialın manata nisbətdə zəifləməsindən sonra ucuz ərzaq, dərman və məişət məhsulları baxımından cəlbedici olub.

Astara sakin Zabir Ağayev bildirib ki, yerli sakinlər ərzaq üçün İran Astarasına və ya İranın sərhədə yaxın digər şəhərlərinə gedirlər.

İqtisadçı Qadir İbrahimli deyir ki, Astara, eləcə də Biləsuvar və Cəlilabad sakinləri üçün İran həm də xırda ticarət mənbəyidir:"Elə Naxçıvan sakinləri də bir çox qida və digər ehtiyaclarını İrandan qarşılayırlar. Türkiyə ilə quru yolla gediş-gəliş müvəqqəti qapadıldığından bu mənada İrandan alış-verişin artacağını ehtimal edilir".

Səhiyyə Nazirliyindən isə bildiriblər ki, İran həm də azərbaycanlılar üçün nisbətən ucuz həkim müayinə və müalicə ala bildikləri ölkə sayılır.

"Bu da İrana gediş-gəlişi artıran amillərdən biridir. Digər amil isə İranda dini ziyarətgah sayılan yerlərin mövcudluğudur ki, bir çox azərbaycanlı bu ziyarətgahlara gedir. Elə yenicə Cəlilalabad xəstəxanasına yerləşdirilənlərin əksəriyyəti də İrana ziyarətə gedənlərdir"-deyə nazirliyin məlumatında qeyd olunur.

Üstəlik, İranın Azərbaycanla sərhəddində etnik azərbaycanlılar yaşadığından qarşılıqlı səfərlərin sıx olduğu qiymətləndirilir.

Tibb elmləri doktoru, professor Adil Qeybulla hesab edir ki, virusun İranda tapılması bu təhlükənin Azərbaycana yayılması ehtimalını artırıb.

Əgər Çində virus tapılandan sonra karantinə alınanların maksimum sayı 10-12 civarında idisə, İranda COVİD-19-dan ölənlər barədə məlumat açıqlanandan bir-iki gün sonra Azərbaycanda qonşu ölkədən gələnlər arasında karantinə alınanların sayı artıq 50-ni keçib. (BBC)

Saglamolun.Az

Youtube kanalımıza abunə olun ki, faydalı videolardan xəbəriniz olsun

loading...