Xanın kasıb nəvəsi - Hacı İsmayılov

72 filmə çəkilib, onların içinə televiziya tamaşaları da daxil olmaqla. Azərbaycan kino tarixinə, mədəniyyətinə bir Mustafa rolu ilə də düşə bilərdi.

Mustafa müəllim demək kifayətdir ki, aktyor Hacı İsmayılovun Mustafa üçün Tanrı tərəfindən biçilmiş siması göz önündə canlansın.

“Müharibə vaxtı dünyaya gəlmişəm, 1944-cü ilin yanvarın 22-də, amma dünyaya gələndə bilmirdim müharibə gedir.  Çətin, amma uşaqlığım olduğu üçün çox maraqlı illər idi. Bütün günü o daş küçələr, qala divarlarının üstü, Xan sarayı bizim oyun meydançamızdı. Top tapılmırdı, köhnə corabları bir birinin içində yumrulayıb top düzəldərdik. Çox xoş xatirələrdir. Hərdən imkan düşəndə gedib o küçələrdən keçirəm, xatırlayıram o günləri.

Bizim İçəri Şəhərdə evimiz yox idi, şəxsi mülkdə kirayədə yaşayırdıq.

Atam əslən Dərbənddən olub, gəlib Masallıdan anamla evlənib, Bakını ortaq məxrəc seçib burda yaşayıblar.

Anam Masallıda tanınmış tayfanın qızıdır. Mən Mircavad Talışxanovun bacısı nəvəsiyəm. O vaxt həmin bölgənin qubernatoru olub. Anam tərəfin əksəriyyəti oxumuş, ziyalı adamlardır. Anam özü evdar qadın idi. Atam isə uzun müddət Xəzər Gəmiçiliyində çalışıb. İmkanlı olmamışıq, kasıb yaşayırdıq.  Yaddaşımın küncündə səhərlər divardan asılan “Rodina” adlı radiodan  Sovet Azərbaycanının himni ilə oyanmağım ilişib qalıb, indiyə qədər də o himn qulaqlarımdadır.

Məktəbə gedirdim, bir əlimdə çanta, birində “çernel” şüşəsi. Uşaqlarla itələşəndə o şüşə tez-tez sınırdı, üst-başımız çernel olurdu.  Çörəyin arasına yumurtanı yağda bişirib qoyurdular çantama. Məktəbdə fikrim qalırdı o çörəkarasında ki, nə vaxt tənəffüs olacaq onu yeyəcəm.    

Kasıb yaşadığımız üçün uşaqlardan pal-paltar sarıdan geri qalmağım məndə kompleks yardırdı. İçimdə həmişə düşünürdüm ki, necə edim ki, nəyləsə diqqəti özümə çəkim. Bəlkə ona görə teatra meylləndim. Məktəbdə bir idman dərsi, bir də teatra gedəndə mənim üçün bayram olurdu. Cəfər Cabbarlının Aydını deyir e, elə yaşayım ki, küçədə məni barmaqla göstərsinlər. Mənim də istəyim elə idi. Tək bir dəfə təzə dama-dama köynək almışdılar mənə, yerə-göyə sığmırdım forsumdan.  

Yaxşı müəllimlərimiz vardı. Uşaqları mədəniyyətə, ədəbiyyata, kimin qabiliyyəti haradırsa ora düzgün  yönəldirdilər. Bir müəllimimiz vardı, Zərbəli Səmədov mənə də ilk dəfə o, dedi bala, sən artist ol. Özfəaliyyət dərnəyində çıxışımı görmüşdü ona görə. Mən də oldum.  Məktəbdə dram dərnəyinin rəhbəri Tofiq İsmayılov idi, mən də yazılmışdım. İlk rolum da tənbəl Mahmud oldu, balaca bir səhnəcikdə. Yadımdadır səhnəyə ilk dəfə çıxanda mətnin əvvəlini yox birbaşa son sözünü dedim. Sonra ani olaraq özümü toplayıb təzədən əvvəldən dedim. Sonra fəxr edirdim ki, özümü itirmədim, səhvimi düzəltdim. O vaxt dərnəklər uşaqların yetişməsində çox böyük rol oynayırdı”.  

“Boy-buxunum Adil İsgəndərovun xoşuna gəlmədi”

“O vaxt küçələr geniş, maşınlar da çox az. Bütün günü geniş küçə tapıb futbol oynayırdıq.  Artıq yuxarı siniflərdə oxuyanda eyni vaxtda həm Lütfi Məmmədbəyovun dram dərnəyinə gedirdim, həm də futbolla məşğul olurdum.  Yaxşı qapıçı idim, yəqin aktyor olamasam qapıçı olardım. Bir müddət belə davam elədi, sonra hiss etdim ki, incəsənətə meyl daha çoxdur, idman istəyimi üstələyir. Məktəbi bitirəndən sonra iki il teatr institutundan kəsildim. Birinci il boy-buxunum Adil İsgəndərovun xoşuna gəlmədi.

İkinci il miz üstündə ritmi tuta bilmədim, əlim əsdi.

Üçüncü il Rza Təhmasib məni qəbul elədi. O vaxt çox çətin idi o instituta girmək təsadüfən düşə bilməzdin, gərək xüsusi istedadın olsun.

Rza Təhmasib, Məlik Dadaşov,  Rza Sarabski, Nəsir Sadıqzadə müəllimlərim olublar.  Sonra bütün kursumuzu İrəvan Azərbaycan Dövlət Teatrını bərpa etmək üçün göndərdilər. İlk rollarım orda oldu. Teatrı elə sevirdim ki, sənət üçün özümü fəda etməyə hazır idim, pul qazanmaq barədə düşünmürdük, yalnız sənəti düşünürdük. Ata-anam yaşlı, mən də yeganə övlad olduğum üçün qayıtdım Bakıya.

Bir il institutda sənətdən dərs dedim, amma məni qane etmirdi, teatrda işləmək istəyirdim. Bu arada Sumqayıt teatrı açıldı, mən orda işləməyi seçdim. Yenə özümü yerimdə hiss etmədim, hərçənd baş rollar oynayırdım. Nəhayət  1970-ci ilə Milli Akademik Dram teatrının aktyor ştatına qəbul olundum. Burda nəhəng aktyorlarla birgə səhnəyə çıxıb nizə tutmağın özü bir fəxarət idi.  Məsələn ilk rollarımdan biri “Hekayəti xırs quldurbasan” tamaşasında bircə sözü olan Kərəm olub. Bircə dəfə çıxıb səhnəyə “Qaçsa qaçar e” deyirdim vəssalam.

Daha çox səsimdən istifadə edirdi rejissorlar. Tofiq Kazımov “Hamlet” tamaşasını hazırladı Hamletin atasının səsini mən verirdim, özü də səhnənin altından. Əşrəf Quliyev, Məmmədkamal Kazımov, Mehdi Məmmədovun tamaşalarında oynayırdım. Baş rol almaq üçün kiçik rollarla özünü sübut etməli idin.

Teatrdan məşqdən çıxırdım qaçırdım kinostudiyaya məşqə, ordan çıxıb təzədən teatra axşam tamaşasına qayıdırdım. O vaxt hər axşam tamaşa olardı.

Dublyajdan tanıyıb rejissorlar kinoya dəvət edirdilər. Xırda rollarım çox olurdu. Kinoda ilk böyük rolum Rasim Ocaqovun “Ad günü” filmində Mustafa oldu. Rasim Ocaqov kinostudiyasının kafesində gördü məni, sınağa çağırdı, keçdim çəkdi. Ssenarini oxuyanda artıq rol o qədər ürəyimə, xarakterimə yaxın oldu ki, ruhən dönüb oldum Mustafa”.

“20-ci əsrin adamıyam, 21-ci əsrdən nə yaşasam şükür”

“Artıq evli idim o filmə çəkiləndə, oğlumun iki, qızımın bir yaşı vardı. Deyirlər qızın ayağı sayalı olar.
Yoldaşım ədəbiyyatçıdır, tələbə ikən  burda teatrda dəftərxanada işləyirdi. Rastlaşdıq, dostlaşdıq, evləndik. Onun da həyat yolunu, işini, fəaliyyətini mən düzüb qoşmuşam.

“Ad günü”ndən sonra Rasim Ocaqovun beş filminə çəkildim.  Axırıncı film də “Ad günü”nün ardı “Həm ticarət, həm ziyarət” oldu. Onun filmlərinə çəkilmək bir məktəb idi. Mənim aktyor taleyimi Rasim Ocaqov müəyyən etdi, “Ad günü” filmi ilə. İndiyə qədər məni şəkili bilirlər, adımı da küçədə Mustafa çağırırlar.  İllər keçdi Mustafanın sonrakı taleyini oynadım. Ona qədərki zaman həm məni, həm də elə Mustafanı çox dəyişmişdi.

“Ad günü”ndə Mustafa kimi özüm də saf, təmiz idim. “Həm ticarət, həm ziyarət”ə dəvət olunanda qorxdum ki, o saf Mustafa ola bilməyəcəm. Yaxşı ki, elə ssenariyə görə də Mustafa o qədər də sadəlöv deyildi, yaxadan tutmağı da bacarırdı.

Kino çox möcüzəli aləmdir, kinoya çəkiləndə elə bil yeni nəfəs gəlir mənə. Material olsaydı, işləyərdik. Mənə elə gəlir əsil film kinostudiyada çəkilər.  Hər halda kinoda da, teatrda da Hacı İsmayılov adı var, tarixin bir küncünə düşüb. Fəaliyyətimdən narazı deyiləm, gec olub, çətin olub, amma olub. Davam da edir, bitməyib. “Xanuma” tamaşasındakı rolum yeni bir mərhələ oldu mənə.  Xalq artistiyəm, heç vaxt hansısa əsər mənim üçün qoyulsun deyə xahiş etməmişəm. Nə veriblər oynamışam, bəzən heç nədən nə isə çıxartmışam ortaya. Teatr gündəlik işimdir. Heç vaxt hansısa rolu oynamaq iddiasında olmamışam. Heyfsləndiyim odur ki, “Həm ticarət, həm ziyarət”dən sonra kinoya çəkilməmişəm, illər gedir.

Həyatımda qalan heç nəyi dəyişməzdim. Tamaşaçının sevgisini qazanmaq hər kəsə nəsib olmur. İki nəvəm var - Ülkər, Azər, onlarla nəfəs alıram. Nəvə sevgisi başqadır. Dünyanın ən şirin barı nəvələrdir.

Həmyaşıdlarımdan seçildim, elə seçildim ki, indi mənimlə fəxr edirlər ki, Hacı bizimlə bir sinifdə oxuyub. Oxuduğum 190 nömrəli məktəbin kollektivi də fəxrlə deyirlər ki, Hacı bizim məktəbdə oxuyub. Deməli boşuna yaşamamışam. 60-qədər yaşımı hiss etməmişəm. İndi yaş özünü göstərir. Hərdən onunla təsəlli tapıram ki, elə böyük aktyorlarımız olub ki, heç bu yaşa çatmayıblar. Şükür ki, bizə şərəf verib.

Mən 20-ci əsrdə yaşamışam, 21-ci əsrdən yaşadığım illər qənimətdir. 20-ci əsrdə nə gördümsə, gördüm 21 əsr bizim deyil, gənclərindir.

Sabah desələr ki, get təqaüdə, təsirlənməyə təsirlənərəm, amma bu həm də təbiidir, nəsillərin dəyişməsi gedir. Səhnədə yaş gözümə görünmür. Hələ ki, işləyirik, bizim teatrda bu problem yoxdur, hərənin öz rolu var.

Bəyəm, rəssama demək olar ki, sənin artıq 70 yaşın var daha rəsm çəkmə, yaxud bəstəkara yazma demək olar? Biz gənclərə nümunə olmalıyıq.

Vaxtı gələndə getməyi də bacararıq, amma vaxt tez keçdi. Heç olmasa bu ərəfədə kinoda, teatrda nə isə eliyək ki...”.

Ramilə Qurbanlı

“33 pərdəli dram”

.


loading...

Sizdə baş ağrısı, ürəkbulanması, qusma varsa... Beyin şişlərinin səbəbləri, simptomları və müalicəsi

HƏKİMLƏR

Nərgiz Nəzirova

Nərgiz Nəzirova

Dietologiya

Həkim-dietoloq Əmək stajı - 7 il

Ətraflı...
Vaqif Yaqubov

Vaqif Yaqubov

Manual terapiya

Vertebro-nevroloq, manual terapevt Tibb üzrə fəlsəfə doktoru İş stajı – 15 il

Ətraflı...
Ağayeva Aytən Rauf qızı

Ağayeva Aytən…

Endokrinologiya

Cərrah-endokrinoloq Əmək stajı - 23 il

Ətraflı...

 


Яндекс.Метрика